Muxtar respublikamızda hər bir gənc onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışır, qazandığı uğurlarla doğma diyarımızın inkişafına, onun dünyada tanıdılmasına öz töhfələrini verir. Elə dövlətimiz də gənclərin arzularının reallaşdırılması, məqsədlərinə çatması istiqamətində xeyli işlər görür. Onların intellektual və yaradıcı potensiallarının üzə çıxarılması, fəallıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü proqramlar həyata keçirir. Bu diqqət, qayğı isə gənclərin fəaliyyətinin, uğurlarının ilbəil daha da artmasına imkan verir. Həmçinin muxtar respublikamızda gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri istifadəyə verilir, onların peşəkarlıqlarının artırılması üçün geniş imkanlar yaradılır.
Bəs şəhərimizdəki Gənclər Mərkəzi bu istiqamətdə hansı işləri görür? Elə bu sualla Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevə müraciət etdik. O, bizimlə söhbətində bildirdi ki, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə onların irəli çəkilməsi, uğurlarının qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Xüsusilə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, verilən konkret tapşırıqlar, bu mənada, mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən yüksək diqqət və qayğının növbəti ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunub, kitaba adları yazılmış istedadlı gənclər üçün təqaüdün verilməsi qaydaları təsdiq edilib.
Ali Məclis Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması isə diyarımızda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.
Cəbi Quliyev vurğuladı ki, Gənclər Fondu 2018-ci il ərzində müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyib, bu layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştirakları ön plana çəkilib. Fond tərəfindən tələbə-gənclərin karyera seçiminin və hazırlığının düzgün aparılması, gənclərin cəmiyyət üçün yararlı kadr kimi formalaşması, onların gələcək karyeralarında sağlam addım atmaları və fəallıqlarının artırılması məqsədilə “Gənclərin aktivliyinə psixoloji dəstək”, “Gənc Tusilər”, “Gənclikdən uğur stansiyasına”, “Düşüncədən uğura” kimi təlim və seminarlar, “Mənim ikinci peşəm”, “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” kimi uzunmüddətli layihələr, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarının aşkara çıxarılması, yaradıcılıq imkanlarının genişləndirilməsi, eləcə də intellektual səviyyələrinin artırılması məqsədilə “Sən gül ki, dünya gülsün” adlı tədbir keçirilib.
Muxtar respublika gənclərinin ədəbi prosesdə iştirakı, onlarda bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin inkişaf etdirilməsi və bu sahədə istedadlı gənclərin müəyyən olunması məqsədilə “I muxtar respublika tərcümə müsabiqəsi” keçirilib. O cümlədən “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muzeylərə ekskursiyası, rayon və şəhər mərkəzlərində gənclər arasında müxtəlif intellektual oyunlar, kitab müzakirələri, gənclərin məntiqi təfəkkürünün inkişafına, liderlik, komanda işi, inandırma və təqdimetmə bacarıqlarının aşkar olunmasına, habelə müasirdüşüncəli gəncliyin yetişməsinə nail olmaq məqsədilə müxtəlif tədbirlər təşkil edilib. Bununla yanaşı, “Beynəlxalq tələbə-gənclər həftəsi” ilə əlaqədar tələbə-gənclər təşkilatları arasında “Ailə biznesi” simulyasiyası və mini-futbol turniri reallaşdırılıb. “Ailə biznesi” simulyasiyası muxtar respublikamızda bu qəbildən həyata keçirilən ilk layihə olmaqla yanaşı, gənclərdə komanda işinin təşkili, birgə fəaliyyətin təmin olunması və ailə biznesi anlayışını gənclərə aşılamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müsahibimin sözlərinə görə, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının birgə təşkilatçılığı ilə 30 noyabr-2 dekabr tarixlərdə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər təşkilatları və fəal gənclərin muxtar respublikamıza səfəri də yaddaqalan olub. Səfər çərçivəsində fəal gənclər və 40-a yaxın gənclər təşkilatının iştirakı ilə “Naxçıvan şəhəri ölkəmizin Gənclər Paytaxtıdır” adlı tədbir, Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələri üçün Bakı şəhərindən dəvət olunmuş təlimçi tərəfindən “Motivasiya”, “Karyera və uğur” adlı təlimlər təşkil edilib. Bundan əlavə, aztəminatlı ailələrdən olan 21 istedadlı tələbə-gəncin 1 illik təhsil haqqının Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödənilməsi də gənclərimizə növbəti dövlət qayğısının təzahürüdür.
Həmsöhbətimiz onu da qeyd etdi ki, mərkəz tərəfindən gənclərin xarici dil biliklərinə yiyələnməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, Gənclər Fondunun təşkilatçılığı ilə burada ingilis, rus, fransız, alman dilləri və kompüter bilikləri üzrə hazırlıq kursları keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dilin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrində həyata keçirilən kurslarda müxtəlif sahələrdə təhsil alan və ya işləyən gənclərin iştirakı, xarici dilləri mənimsəməsi üçün hər cür şərait yaradılıb. Bu kursların keçirilməsi də gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradır. 2014-cü ildən ötən müddət ərzində bir çox gənc kurslara cəlb edilib ki, onlardan da müvəffəqiyyət qazananlar sertifikatla təmin olunublar. Bununla yanaşı, mərkəzdə yeniyetmə və gənclərin iştirakı ilə mütəmadi olaraq “Nuh yurdu”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilir. Gənclərin daha çox rəğbətini qazanan “Nuh yurdu” intellektual oyunu üzrə muxtar respublikanın bütün rayon mərkəzlərində yeniyetmə və gənclər arasında birinciliklər təşkil olunub, Gənclər Mərkəzində isə muxtar respublika və zona çempionatları keçirilib. Həmçinin kino mövzusunu əhatə edən “Milli filmlərimiz” kinoviktorinasında da gənclərimiz fəallıqla təmsil olunublar. .
Cəbi Quliyev onu da bildirdi ki, 2013-cü ildən başlayaraq müntəzəm şəkildə Ağbulaq İstirahət Mərkəzində gənclərin yay və qış məktəbləri təşkil edilir. Həmin məktəblərdə və həftəsonu istirahətlərdə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin, eləcə də aztəminatlı ailələrin uşaqlarının iştirakına xüsusi diqqət yetirilir. Ötən müddət ərzində – yəni 2013-cü ildən başlayaraq bu mərkəzdə təşkil olunan həftəsonu istirahətləri və yay məktəblərində 2 min 200-dən artıq gəncin istirahəti təmin edilib. Onların da böyük əksəriyyəti sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları olublar.
Müsahibimiz vurğuladı ki, Gənclər Fondu bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək öz işini qarşıya qoyulan tələblər səviyyəsində quracaq, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual biliklərinin artırılması, layiqli vətəndaş kimi yetişmələri üçün zəruri tədbirləri davam etdirəcəkdir.
Bəli, bu faktlar belə deməyə əsas verir ki, bu gün muxtar respublikamızda gənclərlə iş sahəsində aparılan tədbirlər gəncliyin inkişafına təkan verir, onların vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli və mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Gənclər üçün yaradılan imkanlar onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında daha da yaxından iştirakına stimul verir. Buna görə də bu gün naxçıvanlı gənclər ədəbiyyat, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Gülcamal TAHİROVA