23 Dekabr 2024, Bazar ertəsi

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Şərur Rayon İcra Hakimiyyətində müşavirə olub. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da müasir idman məktəbləri və qurğuları istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, hazırda rayonda Olimpiya-İdman Kompleksi, Uşaq-gənclər idman məktəbi, şahmat məktəbi, 13 müxtəlif federasiya bölməsi, ötən ildən fəaliyyətə başlayan bədii gimnastika, üzgüçülük, stolüstü tennis üzrə 16 qrup fəaliyyət göstərir. Rayonda idmanın müxtəlif növləri ilə məşğul olanların sayı 5 min 753 nəfərdir. Aşağı Yaycı, Dəmirçi, Aralıq, Mahmudkənd, Arbatan kəndlərindəki stadionlar əsaslı təmir olunaraq istifadəyə verilib.
Vurğulanıb ki, Şərur şəhərində hər cür şəraiti olan şahmat məktəbi, bütün ümumtəhsil məktəblərində şahmat sinifləri fəaliyyət göstərir. Rayon üzrə 8 min 58 şagird bu idman növünün sirlərinə yiyələnir.

Qeyd olunub ki, mövcud olan infrastruktur və idmançılara göstərilən dövlət qayğısı nəticəsində 2018-ci ildə rayonun idmançıları bir sıra nailiyyətlər əldə ediblər. Məktəbli Yeganə Əhmədova Mingəçevir şəhərində keçirilən şahmat üzrə zona yarışında öz həmyaşıdları arasında 2-ci yerə, Naxçıvan şəhərində təşkil olunan seçmə yarışlarda isə 1-ci yerə layiq görülüb. Yeniyetmə idmançılar Həsən Babayev və Gülcahan Əliyeva ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olublar. Gənclər arasında ağır atletika üzrə Azərbaycan çempionatında Tərmenxan Babayev ötən il də çempion adını qoruyub saxlamaqla bərabər, ok­tyabr ayında Argentinanın paytaxtında keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək gümüş medal qazanıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrin yerinə yetirilməsi, həmçinin sağlam cəmiyyət quruculuğunda gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolunu nəzərə alaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, rayon Uşaq-gənc­lər idman məktəbinin və şahmat məktəbinin fəaliyyəti gücləndirilməli, mövcud stadionlardan səmərəli istifadə edilməli, idman obyekt və qurğularının qorunması, sağlamlıq imkanları məhdud olanların idmana cəlbi diqqət mərkəzində saxlanılmalıdır. Rayon Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi ilə birlikdə idmanın kütləviliyini təmin etmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər. Digər aid təşkilatlar, həmçinin federasiya bölmələrinin rəhbərləri gənc və perspektivli idmançıların yetişdirilməsi üçün səylərini artırmalıdırlar. Ona nail olmaq lazımdır ki, idmançılarımız daha nüfuzlu yarışlarda böyük nəticələr əldə etsinlər.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, ağır atletika üzrə məşqçi-müəllim Şəfi Hüseynov, şahmat məşqçisi Bahəddin Hətəmov bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şərur Rayon Bölməsinin 2019-cu il üçün iş planı təsdiq edilib, idman sahəsində fərqlənən məşqçi-müəllimlərə və məktəblilərə hədiyyələr təqdim olunub.

Elman MƏMMƏDOV

*  *   *

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov muxtar respublikada, o cümlədən Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb.
Qeyd olunub ki, hazırda rayonda şahmat məktəbi, Uşaq-gənclər idman məktəbi, mərkəzi stadion, süni örtüklü mini-futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur. İdmana göstərilən qayğının nəticəsi olaraq 2018-ci ildə rayon mərkəzi stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın rayon bölmələri yaradılıb. Kəngərlidə idmanla məşğul olanların sayı 4602 nəfərdir. Sağlamlıq imkanları məhdud olan 41 uşaq və gənc də idmana cəlb olunub.
Rayonda 2018-ci il ərzində idman sahəsində əldə olunan uğurlardan bəhs edən Kamal Ələkbərov bildirib ki, boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın 5 üzvü ayrı-ayrı çəki dərəcələri üzrə I və III yerlərə layiq görülüb, kikboksinq üzrə keçirilən muxtar respublika birinciliyində iştirak edən 6 idmançımız isə yarışın I, II və III yerlərinin qalibi olublar. Uşaq-gənclər şahmat məktəbinin yetirməsi Pərviz Rzayev Türkiyə və İranda keçirilən beynəlxalq şahmat yarışlarında iştirak edərək uğurlu nəticələr qazanıb.
Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturunun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiyyəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin edilməlidir. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançıların rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasına nail olunmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, Uşaq-gənclər şahmat və idman məktəbinin fəaliyyəti gücləndirilməli, idman yarışları və müxtəlif idman oyunları müvafiq federasiya bölmələri ilə birlikdə təşkil edilməlidir.
Tədbirdə Kəngərli rayonunda 2019-cu il ərzində idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilib.
Müzakirə olunan məsələ ilə əlaqədar çıxışlar dinlənilib.
Tədbirin sonunda ötən il ərzində yüksək nəticələr əldə edən idmançılara hədiyyələr təqdim olunub.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR