Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli Qərarına əsasən Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Sonra Ramilə Seyidova muxtar respublikada 2018-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair hesabatla çıxış edərək məlumat verib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların hüquqlarının qorunması, sosial müdafiələrinin və asudə vaxtlarının təşkili, xüsusi istedadlarının üzə çıxarılması, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülüb, monitorinqlər təşkil edilib, uşaqlar haqqında məlumat bazası yaradılıb. Hesabat ili ərzində 10 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, onlara lazımi köməklik göstərilib. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. Həmçinin hesabat dövrü ərzində 11 uşaq övladlığa verilib.
Diqqətə çatdırılıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, 2018-2019-cu tədris ilində 42 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 149 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilib.
Bundan əlavə, 2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan 108 sağlamlıq imkanları məhdud uşaqdan 68-i ümumtəhsil müəssisələrinin birinci siniflərinə qəbul olunub.
Vurğulanıb ki, uşaqların sağlamlıqlarının qorunması diqqətdə saxlanılıb, 2018-ci ildə sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunub. Bununla yanaşı, uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə olunub, 278 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınıb. Eyni zamanda elektron sağlamlıq kartlarına keçid işi daha da yaxşılaşdırılıb, 1457 elektron kart alınıb valideynlərə paylanılıb.
Hesabat dövrü ərzində əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri keçirilib. Müsabiqələrdə 3668 uşaq iştirak edib, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilib.
Ramilə Seyidova bildirib ki, 2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunub. Ötən il uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə, ümumilikdə, 420 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub.
Qeyd edilib ki, hesabat dövrü ərzində 20 uşaq müəssisəsində dövri monitorinq, 694 reyd yoxlaması keçirilib, müxtəlif mövzularda görüşlər təşkil edilib.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2018-ci ildə 5640 uşaq haqqında fərdi məlumatlar daxil edilib və bu uşaqların sayı 17 min 40 nəfərə çatıb.
Sonra məruzə ətrafında Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Vüsalə Ağayeva, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Pəncalı Hüseynov, Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Səriyyə Qurbanova çıxış ediblər.
Sonda komissiyanın 2019-cu il üçün İş Planı müzakirə olunub. Monitorinqlər keçiriləcək uşaq müəssisələri və monitorinqin keçirilməsi üzrə yaradılan ekspert qrupunun tərkibi müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti