Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olması və yaşaması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşərrəf Məmmədova Dövlət Miqrasiya Xidmətinin ali təhsil ocağı ilə sıx əməkdaşlığından söhbət açıb. Qarşılıqlı əməkdaşlıq sayəsində əcnəbi tələbələrin müvəqqəti yaşayışı üçün qeydiyyata alınmasının artıq universitetin Beynəlxalq əlaqələr şöbəsində də yüksək səviyyədə aparıldığı bildirilib.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov çıxışında qeyd edib ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maarifləndirilmələri, öz hüquq və vəzifələri ilə bağlı məlumat əldə etmələri, həm də muxtar respublikanın turizm potensialı ilə yaxından tanış olmaları baxımından əhəmiyyətlidir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Vəli Quliyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olması və yaşaması qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Xidmətin əməkdaşı Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı və müvəqqəti yaşama icazələrinin verilməsi üçün elektron müraciət qaydalarını əyani şəkildə təqdim edib.
Sonda əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və maarifləndirici bukletlər təqdim olunub, müvafiq müraciətlər qəbul edilib.
Sonra tədbir iştirakçıları Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.
Xəbərlər şöbəsi