Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunur. Oktyabr ayında da nazirliyin rayon dövlət yanğın təhlükəsizliyi şöbələrində yoxlama, taktiki-xüsusi təlim və məşğələlər keçirilmişdir. Texniki təhlükəsizliyin təmin olunması, qəza və hadisələrin vaxtında qarşısının alınması məqsədilə 2 obyekt, 7 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, 2 müəssisədə 8 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmış, 21 obyektdə mühafizə işinin təşkili yoxlanılmışdır.
Ötən dövrdə 29 ticarət obyekti tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin və istismarının qarşısı alınmış, 740 qazanxanaya baxış keçirilmiş, cavabdeh şəxslərlə maarifləndirici söhbətlər aparılmışdır. Ocaqçı-maşinist ixtisası üzrə şəhadətnaməsi olmayan 248 nəfər müvafiq kurslara cəlb edilmiş, Naxçıvan Şəhər Peşə Liseyində bu ixtisas üzrə təhsil alan müdavimlər üçün məşğələ keçirilmişdir. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 365 obyektdə, 5964 şəxsi yaşayış evində, 68 yaşayış binasında yanğına qarşı yoxlamalar, mülki müdafiə işinin təşkili və işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı 9 obyektdə maarifləndirici tədbir, 27 obyektdə mülki müdafiə qüvvələrinin qrup məşğələsi, 17 məktəbdə nümunəvi dərslər keçilmiş, 4 mərkəzi icra hakimiyyəti orqanının mülki müdafiə planı hazırlanmışdır. Bundan başqa, tikilməkdə olan və yenidən qurulan 46 obyektdə tikinti işlərinin norma və qaydalara uyğun aparılmasına nəzarət edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti