23 Dekabr 2024, Bazar ertəsi

Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd edilib ki, tarixi zərurət nəticəsində yaranan Yeni Azərbaycan Partiyası çox qısa müddətdən sonra Azərbaycanda iqtidar partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərin düşünülmüş siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Partiyanın Universitet ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev “Yeni Azərbaycan Partiyasının dünəni və bu günü” mövzusunda çıxışında qeyd edib ki, universitetin professor-müəllim və tələbə kollektivinin ­ictimai-siyasi cəhətdən fəal hissəsi tam şəkildə Yeni Azərbaycan Partiyasının sıralarında, ərazi ilk təşkilatında birləşib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının ən böyük ərazi ilk təşkilatı olmaqla, öz sıralarında 1939 nəfər partiya üzvünü birləşdirən Universitet ərazi ilk təşkilatı üzvlərinin 181 nəfərini müəllimlər, 41-ni tədrisə köməkçi heyət, 1717-ni isə tələbələr təşkil edir. Üzvlərdən 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 7-si elmlər doktoru, 89-u fəlsəfə doktorudur, 53 nəfər partiya üzvü isə ölkənin və muxtar respublikanın ali dövlət mükafatları, fəxri adları, orden və medalları ilə təltif olunub. Muxtar respublikamızda gəncliyə göstərilən yüksək dövlət qayğısının ifadəsidir ki, ərazi partiya təşkilatının 89 faizini gənclər təşkil edir.
Elektroenergetika mühəndisliyi ixtisasının II kurs tələbəsi Asim Abdulla “Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək qeyd edib ki, dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.
Tələbələrə partiyaya üzvlük vəsiqələri təqdim olunduqdan sonra Yeni Azərbaycan Partiyasının 26 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi, rəqs nümunələri tədbiri daha da yaddaqalan edib.

*  *  *

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən tədbiri giriş sözü ilə partiyanın Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. 1992-ci ilin 21 noyabrında muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində Azərbaycanın hər yerindən gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyası yaradılıb.
Bildirilib ki, 1993-cü il yanvarın 30-da ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə partiyanın Babək Rayon Təşkilatının təsis konfransı keçirilib. Bu gün təşkilat sıralarında 6836 nəfər partiya üzvünü birləşdirir.
Vurğulanıb ki, partiyanın əldə etdiyi uğurlar ötən müddət ərzində Babək rayonunu da yeni inkişaf mərhələsinə qovuşdurub. Bu il 40 yaşını qeyd edən Babək rayonunda kompleks quruculuq işləri aparılıb, iqtisadi və sosial sahədə yeni uğurlar qazanılıb. Rayon mərkəzi olan Babək qəsəbəsinin siması dəyişilib, müasir rayon mərkəzinə çevrilib. Bu dövrdə ucqar dağ və sərhəd yaşayış məntəqələri olan Aşağı və Yuxarı Buzqov kəndləri də abadlaşdırılıb, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə sahələrində mühüm tədbirlər həyata keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, şura üzvü Nihal Məmmədov, partiyanın Babək Rayon Təşkilatı Payız kənd ilk partiya təşkilatının sədri Elxan Babazadə və Şəkər­abad kənd ilk partiya təşkilatının sədri, şura üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sədaqət Mahmudov çıxış ediblər.
Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

*  *  *

Sədərək Rayon Mədəniyyət Evində təşkil edilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ötən illər ərzində Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafa səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə 1995-ci ildən başlanan böyük quruculuq işləri xalqa, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir.
Tədbirdə rayon təşkilatının idarə heyətinin üzvü Nəsimi Rzayev, Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev, partiya fəalı Fatma Abbaszadə çıxış ediblər. Vurğulayıblar ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması, ölkədə həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən siyasət iqtidar partiyası kimi onun nüfuzunu gündən-günə daha da artırır.
Bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunduqdan sonra tədbir iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR