21 noyabr 1992-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
1992-ci il oktyabrın 24-də ziyalıların “Səs” qəzetində ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciətinə cavab məktubunda ümummilli liderin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. Ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni dövrün əsasını qoydu. Həmin tarixdən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başlamışdı. Keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası namizədlərinin üstünlük qazanmaları partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir.
Bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri partiyanın təməl prinsipləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.
Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, – deyən ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı. İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanda söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür.
Bu gün Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirib. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasına uyğun olaraq yeni dövrün reallıqlarına uyğun çevik idarəetmə platforması formalaşdırıb. Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini də özündə ehtiva edir.
Yüz minlərlə yeni iş yerlərinin açılması, əməkhaqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib. Ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar partiyanın dünyanın tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, siyasi qüdrətini artırır.
Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması, partiyanın rəhbəri, ulu öndər Heydər Əliyevin xalqın çağırışı və təkidli tələbləri ilə Azərbaycanda siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynamışdır. Ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir.
Ulu öndər deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən böyük quruculuq siyasəti, yaranmış mövcud ictimai-siyasi sabitlik və əhali rifahının davamlı yüksəlməsi seçilən düzgün siyasi xəttin bəhrəsidir. Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir.
Yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri öz sıralarında birləşdirirdisə, bu gün 55 minə yaxın partiya üzvünü öz sıralarında birləşdirmişdir ki, bu da muxtar respublikada siyasi aktiv əhalinin 20,2 faizini təşkil edir. Partiyanın rayon (şəhər) təşkilatlarında 501 ərazi ilk təşkilatı fəaliyyət göstərir. Üzvlərdən 22 min 344-ü, yəni 40,9 faizi gənclər, 23 min 670-i, yəni 43,3 faizi isə qadınlardır. Cari ildə partiya sıralarına 932 üzv qəbul olunmuşdur. Partiya üzvlərindən 178-i fəlsəfə doktoru, 27-si elmlər doktorudur. Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatının üzvlərindən 2-si Azərbaycan Respublikasının Milli Məclisində, 41-i Naxçıvan Muxtar Respublikası Ali Məclisində, 1114-ü isə bələdiyyələrdə təmsil olunur.
Blokada şəraitində, böyük çətinliklər hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır. Bu gün sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təməl prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.
Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatının İcra Katibliyi