Naxçıvan şəhərində keçirilən “Ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışının həlledici mərhələsi başa çatıb.
Məlumat üçün bildirək ki, ilkin mərhələ Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şəhər və rayon təşkilatlarında, müsabiqənin final mərhələsi isə nazirlikdə keçirilib.
Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində 30 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktik işi normativə uyğun icra etməli idilər.
“Poçt əməliyyatçısı”, “Poçtalyon”, “Mis kabel lehimləyici”, “Xətt qurğularının rabitə mütəxəssisi” və “Kross işçisi” nominasiyaları üzrə birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşib.
“Poçt əməliyyatçısı” nominasiyası üzrə birinci yerə “Naxçıvanpoçt” MMC Naxçıvan şəhər 3 nömrəli poçt bölməsinin əməliyyatçısı Lamiyə Həsənova, ikinci yerə Culfa rayon poçt filialının əməliyyatçısı Şəfəq Bağırova, üçüncü yerə isə Şahbuz rayon poçt filialının əməlliyatçısı Səadət Məmmədova layiq görülüblər.
“Poçtalyon” nominasiyası üzrə birinci yeri Naxçıvan Mərkəzi Poçt Şöbəsinin poçtalyonu Etibar Vəliyev, ikinci yeri Ordubad şəhər poçtalyonu Nağı Tağıyev, üçüncü yeri isə Babək qəsəbə poçtalyonu Zəhra İsmayılova tutublar.
“Mis kabel lehimləyici” nominasiyası üzrə birinci yerə Naxçıvan Şəhər Rabitə İdarəsindən Vəli Həsənov, ikinci yerə Şərur Rayon Rabitə İdarəsindən Rizvan Bayraməliyev, üçüncü yerə isə Ordubad Rayon Rabitə İdarəsindən Məhəmməd Ağayev çıxıblar.
“Xətt qurğularının rabitə mütəxəssisi” nominasiyası üzrə müvafiq olaraq Naxçıvan Şəhər Rabitə İdarəsindən Ramil Hacıyev, Kəngərli Rayon Rabitə İdarəsindən Vüsal Məmmədov, Sədərək Rayon Rabitə İdarəsindən Sərxan Əlizadə fərqləniblər.
“Kross işçisi” nominasiyası üzrə Ordubad Rayon Rabitə İdarəsinin əməkdaşı Rövşən Ağacanov, Şərur Rayon Rabitə İdarəsinin təmsilçisi Almaz Seyidova, Babək Rayon Rabitə İdarəsinin işçisi Elmar Səmədov qalib olublar.
Peşə yarışının qaliblərinə fəxri fərman və pul mükafatı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti