Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən hər il olduğu kimi soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə Ali Məclisin adından 6 ton 400 kiloqram sarımsaq Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülmüş, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunmuşdur. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlamlığının qorunması xüsusi yer tutur. Ali Məclis Sədrinin tapşırığına əsasən soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə 6 ton 400 kiloqram sarımsağın Naxçıvan Qarnizonunun bütün hərbi hissə və birləşmələrinə təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
Sonra gətirilmiş sarımsaq hərbi hissələrə təhvil verilib.
“Şərq qapısı”