Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşdırılmasında kompleks dövlət tədbirləri həyata keçirilir. Xüsusilə bu sahədə ən mühüm ekoloji amil olan yaşıllıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə massivlərinin, meyvə bağlarının salınması üçün tədbirlər icra edilir. Həyata keçirilən dövlət ekoloji tədbirləri və fəal vətəndaş mövqeyi nəticəsində son 25 ildə meşə və yaşıllıqların sahəsi dəfələrlə artıb.
Ölkəmizdə, o cümlədən Naxçıvanda bu sahədə həyata keçirilən ekoloji siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş və bu gün də uğurla davam etdirilməkdədir. Muxtar respublika ərazisində “Yaşıllaşdırma aylıqlarının, şənbə iməciliklərinin keçirilməsi haqqında” qəbul edilmiş qərar, “Azərbaycan Respublikası ərazisində meşələrin bərpa edilməsi və artırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq, ümumilikdə, 18 min hektar sahədə meşə massivləri, yaşıllıq zolaqları salınıb. Təbii şəraiti, kontinental iqlimi günəşli saatların miqdarının çoxluğu ilə müşahidə edilən, təbii meşə ehtiyatı o qədər də zəngin olmayan diyarımızda yaşıllıqların artırılması göstərilən dövlət qayğısının bəhrələridir. Meşə ehtiyatlarının artırılması ilə bərabər, bu sahədə iqtisadi səmərəliliyə də önəm verilməsi üçün 2010-cu ildən etibarən muxtar respublika ərazisində meyvəçiliyin inkişaf etdirilməsinə də diqqət artırılıb.
Meşə ağaclarından fərqli olaraq meyvəçiliyin inkişafı daha çox su təminatı, yüksək aqrotexniki qulluq tələb edir. Bunun üçün muxtar respublikamızda hərtərəfli şərait yaradılıb. Yeni sututarların tikilməsi, bərpa edilməsi, su kanallarının, qapalı suvarma sistemlərinin yaradılması və digər tədbirlər nəticəsində əvvəllər suvarma suyu olmayan 30 min hektardan çox sahə su ilə təmin edilmiş və digər ərazilərdə su təminatı xeyli yaxşılaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə iki dövlət proqramı qəbul edilmişdir. Dövlət proqramlarına əsasən kənd təsərrüfatı əkinləri üçün yararsız olan, müxtəlif dərəcədə eroziyaya məruz qalmış və meyilli (təpəlik) ərazilərdə, çay vadilərində, sututarların kənarlarında, ümumilikdə, 1000 hektara yaxın sahədə meyvə, 200 hektardan çox sahədə üzüm bağları salınıb, 900 min ədəddən çox ting əkilib. Naxçıvanda yerli meyvə sortları ilə bərabər, ərazinin iqliminə və torpağına uyğunlaşması mümkün olan yeni meyvə sortlarının gətirilməsinə də üstünlük verilir. Bu məqsədlə 2015-2017-ci illərdə 100 hektar ərazidə püstə bağı salınıb. Meyvəçiliyin inkişafında rayonlaşdırma prinsipinə üstünlük verilməsi bu sahənin inkişafına və məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir.
Muxtar respublika ərazisində, ayrı-ayrı inzibati rayonlarda, Naxçıvan şəhəri ərazisində 2018-ci ildə də bu sahədə aparılan işlər davam etdirilməkdədir. Bu ilin yaz əkin mövsümündə diyarımızda yaşıllıqların sahəsi 223 hektardan çox artırılıb, 100 hektar sahədə yeni meyvə bağları salınıb. Bu tədbirlər payız əkin mövsümündə də davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq payız əkini planı hazırlanmışdır. Həmin plana əsasən muxtar respublikanın bütün ərazilərində 300 hektar sahədə meşəsalma, meşəbərpa işlərinin aparılması və yeni meyvə bağlarının salınması nəzərdə tutulur. Bunun da 60 faizdən çoxu meyvə bağları olacaqdır. Payız əkini mövsümünə hazırlıq işləri başa çatdırılmış və orta dağlıq, dağlıq ərazilərdə toxumla əkin işlərinə başlanılmışdır. Milli park, qoruq ərazilərində yabanı meyvə toxumları və yerli meşə cinsi ağacların toxumları ilə əkin işləri davam etdirilir. Vaxtında toxum tədarükünün edilməsi, ting yetişdirilməsi sahəsində aparılan işlər tingə olan tələbatın tamamilə təmin edilməsinə şərait yaradır. Hazırda nazirliyin tingçilik təsərrüfatlarında 400 mindən çox ting vardır ki, bu da payız fəslində aparılacaq əkin işlərində tələbatı tamamilə ödəyəcəkdir.
Bu gündən etibarən muxtar respublika ərazisində yaşıllaşdırma tədbirlərinə başlanılır. İlk yaşıllaşdırma günü, ümumilikdə, 20 hektara yaxın sahədə yeni meyvə, üzüm tinglərinin əkilməsi planlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti