Əməliyyat hazırlığı çərçivəsində idarəetmə orqanlarının qarşılıqlı əlaqə səviyyəsinin təkmilləşdirilməsi, qərargah və xidmətlərin vahid idarəetmə orqanı kimi uzlaşmasına nail olunması məqsədilə Azərbaycan Ordusunda noyabrın 12-dən 16-dək komanda-qərargah hərb oyunları keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları yüksək nəticələr əldə ediblər.
Komanda-qərargah hərb oyunlarının ssenarisinə uyğun olaraq tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün Naxçıvan Qarnizonu qoşunlarının idarəetmə məntəqələri və praktik fəaliyyətə cəlb edilən bölmələri həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təyin edilmiş ərazilərdə birləşmə və hissələrin səfərbərliklə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktik qəbulu həyata keçirilib. Birləşmə və hissələrin idarəetməsini həyata keçirmək üçün ərazidə idarəetmə məntəqələri açılıb.
Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələsini uğurla icra ediblər. Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə motoatıcı və döyüş təminatı bölmələri praktik fəaliyyət göstərib.
Yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə əks-zərbə endirib.
Yekun mərhələdə hərb oyunlarında iştirak edən qərargah və qoşunların fəaliyyəti təhlil edilib.
Sonda komandanlıq tərəfindən birləşmə və hərbi hissə komandirlərinə növbəti tapşırıqlar verilib, komanda-qərargah hərb oyunlarına yekun vurulub.
Nəriman NƏCƏFOV