24 Dekabr 2024, Çərşənbə axşamı

10-17 noyabr – Beynəlxalq ­Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən tədbirlərə yekun vurulub.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən tədbirdə əvvəlcə Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı məlumat verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev çıxış edərək bildirib ki, muxtar respublikada uğurla həyata keçirilən gənc­lər siyasəti gənclərin istedadlarının üzə çıxarılmasını, intellektual səviyyələrinin yüksəldilməsini, asudə vaxtlarının səmərəli təşkilini təmin edib. Muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, olimpiya-idman kompleksləri, idman mərkəzləri gənclərin istifadəsinə verilib. Gənc­lərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikasında gənc­lər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsidir. Naxçıvan gəncləri 2018-ci ildə yaradılmış bu tarixi imkandan səmərəli istifadə edir, Naxçıvan şəhərinin tanıdılmasında fəallıq göstərirlər.

Qeyd edilib ki, Naxçıvanda bütün gənclər kimi tələbə-gənclər də dövlət qayğısı ilə əhatə olunub. Muxtar respublikanın ali və orta ixtisas təhsili məktəbləri ən qabaqcıl təhsil infrastrukturuna malikdir. Müasir universitet şəhərciklərində, orta ixtisas təhsili müəssisələrində yeni tədris korpuslarının istifadəyə verilməsi, yeni texnologiyaların və distant təhsilin tətbiqi gənclərin istedadlı kadr kimi yetişməsində mühüm əhəmiyyət daşıyır. Yaradılan şəraitə görə nəinki ölkəmizin, həm də xarici ölkələrin gəncləri ali təhsil almaq üçün muxtar respublikanın təhsil müəssisələrini seçir. 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində muxtar respublikada tələbə-gənclər arasında tədbirlərin keçirilməsi və bu tədbirlərdə qalib gənclərin mükafatlandırılması da onların istedadlarının üzə çıxarılmasına, bacarıq və yaradıcılıqlarının inkişaf etdirilməsinə bir dəstəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi müsabiqə və yarışlarda qalib olan gəncləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxışında bildirib ki, muxtar respublikada dövlət gənc­lər siyasəti bu gün uğurla həyata keçirilir. Gənc­lər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvanda tələbə-gənclərin milli dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ruhunda formalaşması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan hər il Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş tədbirlər də mühüm əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə həftə ərzində keçirilən yarış, müsabiqə və oyunların qaliblərinə ­mükafatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında mahnılar səsləndirilib.
Qeyd edək ki, Beynəlxalq Tələbə-Gənclər Həftəsində yüngül atletika, voleybol, badminton, stolüstü tennis idman növləri üzrə yarışlar, həmçinin şən və hazırcavablar klubları arasında müsabiqə, “Xəmsə” və “Azərbaycanı tanı” intellektual oyunları təşkil olunub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR