23 Dekabr 2024, Bazar ertəsi

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində keçirilən tədbiri mədəniyyət naziri Natəvan Qədimova açıb. Bildirib ki, bu gün milli siyasət və ideologiyanın ən mühüm simvolu olan Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin ­rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.
Qeyd olunub ki, müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir.
Vurğulanıb ki, çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyanın tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın üçrəngli bayrağı dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. 17 noyabr tarixinin – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi hər bir Azərbaycan vətəndaşına milli qürur yaşadır.

Sonra muzeyin ekspozisiyasına ­baxış olub.

*  *  *

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən “Naxçıvandan yüksəlib dalğalanan Dövlət Bayrağı” mövzusunda tədbir keçirilib. Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə təşkilat aparatının baş təlimatçısı, partiyanın Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Cəlal Həsənli çıxış edib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar respublikanın Dövlət Bayrağı kimi təsdiq edilib, Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü ­ il 22 avqust tarixli ­Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması, eləcə də 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi Naxçıvanda dövlət atributlarına ehtiramın ifadəsidir.
Qeyd olunub ki, bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən bu müqəddəs rəmzin xalqımızın mübarizlik ruhunun simvolu olmasıdır. Bu ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının ən canlı təzahürüdür. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində, həm də qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olub, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarıb. Ona görə də dövlətçiliyimiz milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz milli ruhunu daim yaşatmaqdadır.
Sonra muzeyin ekspozisiyasında nümayiş edilən eksponatlara baxılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR