24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk ­təşkilatı “Ulu öndər Heydər Əliyev və Naxçıvan: ideyadan reallığa” adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ­görkəmli dövlət xadimi ­Hеydər Əliyеvin dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirilməsinə yönəldilən fəaliyyətindən geniş danışıb.
Bölmənin Yeni Azərbaycan Partiyası müəssisədənkənar ərazi ilk təşkilatının sədri, dosent Orxan Bağırovun adıçəkilən mövzuda məruzəsi dinlənilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəlləri muxtar respublikaya rəhbərliyi dövrü qədim diyarımızı düşmən təcavüzündən qoruyaraq gələcək inkişaf mərhələsinin təməlini qoyması, milli dövlətçilik ənənələrinin təşəkkülü istiqamətində tarixi qərarlara imza atması ilə səciyyələnir.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ilk dəfə olaraq milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından qəbul edilən “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və digər qərarlar mühüm tarixi əhəmiyyət daşıyır.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ilk dəfə 17 noyabr 1990-cı ildə ümummilli lider Hеydər Əliyеvin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar respublikanın Dövlət Bayrağı kimi təsis edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması qədim dövlətçilik tariximizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə muxtar respublikada hər il Dövlət Bayrağı Günü qeyd olunur.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR