Naxçıvan şəhərindəki Sarvanlar məscidində 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən dini icma sədrlərinin, din xadimlərinin və “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasında təhsil alan tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev açaraq bildirib ki, 1996-cı ildən BMT-yə üzv ölkələr Beynəlxalq Tolerantlıq Gününü qeyd edirlər. Burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün də burada irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməsi yolverilməzdir.
Vurğulanıb ki, bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevrilib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin həyta keçirdiyi tədbirlər nəticəsində ölkədə tolerant düşüncə artıq tam bərqərar olub. Ölkədə formalaşmış tolerantlıq və dözümlülük Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur oluna bilməz.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tədbirdə din xadimlərindən Nicat Rzayev, Allahverdi Ocaqquliyev çıxış edərək bildiriblər ki, İslama görə, tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanlarının, eləcə də digər dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq şəraitində yaşayır və öz dini ibadətlərini rahatlıqla yerinə yetirirlər. Muxtar respublikamızda da insanların öz inanclarına bağlı yaşaması üçün hər cür şərait yaradılıb, burada yüksək tolerant mühit formalaşdırılıb. Qədim diyarımızda məscidlərimiz təmir olunub, yenidən qurulub, müxtəlif dini mərasimlərin yüksək səviyyədə qeyd edilməsi üçün hərtərəfli şərait yaradılıb.
Güntac ŞAHMƏMMƏDLİ