23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunun Yuxarı Daşarx kəndində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin deputatı Əmir Babayev “Azərbaycanın təkcə bu günü deyil, həm də gələcək siyasi taleyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır” mövzusunda məruzə edib.
Qeyd olunub ki, respublikamızda ötən əsrin səksəninci illərinin sonlarından başlayan və doxsanıncı illərin əvvəllərində daha da gərginləşən ictimai-siyasi vəziyyət Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Bu gücün istinad nöqtəsi isə yalnız ümummilli lider Heydər Əliyev ola bilərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri də görkəmli­­ dövlət xadiminin rəhbər­liyi ilə siyasi partiya yaradılması təklifi idi. Bu məqsədlə bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Naxçıvanda yaşayan və işləyən, lakin ürəyi daim Azərbaycanla birgə döyünən ulu öndərə müraciət ünvanladı. Ziyalılar həmin müraciətdə ölkəni mövcud siyasi böhrandan xilas etmək üçün ulu öndər Heydər Əliyevdən yeni bir partiya yaradılmasına razılıq verməsini və ona başçılıq etməyi xahiş edirdilər.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri vurğulayıb ki, həmin dövrdə partiyanın yaradılması obyektiv zərurətdən irəli gəlirdi. Dahi şəxsiyyətin­­ Yeni Azərbaycan Partiyasını yaratması və ona rəhbərlik etməyə razılıq verməsi xalqımızın gələcəyə inam hissini yenidən gücləndirdi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də – müasir siyasi tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında, bu böyük şəxsiyyətin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri lider partiyaya cənab İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla davam etdirilir.
Tədbirdə konkret faktlarla nəzərə çatdırılıb ki, Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar Naxçıvan Muxtar Respublikasında da inkişafın dinamik artımına səbəb olub. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi­­ ilə 1995-ci ildən başlanan böyük quruculuq işləri onun xalqa, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətinin bariz nümunəsidir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən ötən müddətdə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrinə nəzər saldıqda görürük ki, Yeni Azərbaycan Partiyası təkcə bu günün deyil, həm də gələcəyin partiyasıdır.
Tədbirdə rayon təşkilatı sədrinin müavini İbrahim Hənifəzadə, Yuxarı Daşarx kənd tam orta məktəbinin direktoru Elvin Cabbarov, partiya fəalı Şirzad Əkbərov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması, ölkədə həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi ­Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən siyasət iqtidar partiyası kimi onun nüfuzunu gündən­-günə daha da artırır.
Sonda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR