Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda “virtualnakhchivan.az” internet portalının təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirmişdir. Muxtar respublikada tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, avtomobil yolları yenilənmişdir. Muxtar respublikada təhlükəsiz həyat şəraiti yaradılmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaradır. Turizm sahəsində müasir idarəetməni həyata keçirmək üçün də tədbir görülmüş, Turizm Departamenti, Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmış və fəaliyyətləri təmin edilmişdir. Muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan və bu gün təqdimatı keçirilən “virtualnakhchivan.az” internet portalı muxtar respublikanın turizm imkanlarının tanıdılmasında və təbliğində görülən işlərin davamıdır. Portal muxtar respublikamızın görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu ilə bağlı təbliğat işinin aparılmasına mühüm töhfədir. Ona görə də portalın imkanlarından istifadə olunmalı, muxtar respublika gəncləri tərəfindən sosial şəbəkələrdə paylaşılmalıdır.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd etmişdir ki, muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği mühüm amildir. Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat işi istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Bu gün təqdimatı keçirilən “virtualnakhchivan.az” internet portalı muxtar respublikanın turizm potensialının təbliğində yeni mərhələnin başlanğıcı olacaq və Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində mühüm rol oynayacaqdır.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor əvəzi Kamil Yusifov çıxışında demişdir ki, “virtualnakhchivan.az” internet portalının hazırlanmasının “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi göstərilən yüksək etimadın nümunəsidir. İnternet portalı beş min ildən artıq yaşı olan qədim Naxçıvanımızı müasirliklə birləşdirərək, turistlərə Naxçıvan Muxtar Respublikasını virtual şəkildə tanıma imkanı yaradır. Kamil Yusifov muxtar respublikada özəl sektora göstərilən dəstəyə görə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, bundan sonra da göstərilən etimadı doğrultmağa çalışacaqlarını vurğulamışdır.
Sonra internet portalı barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan portal qədim diyara səyahət etmək istəyənlər üçün ideal internet resursudur. Naxçıvan Muxtar Respublikasının ərazisində mövcud olan 25-ə yaxın ölkə və dünya əhəmiyyətli abidə və kompleksi 360 dərəcə virtual panoram səyahət texnologiyası ilə qarış-qarış gəzib seyr etmək, videoçarx, fotoqalereya nümunələri ilə izləmək mümkündür. Muxtar respublikadakı otellərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin də görüntülərinin yer aldığı internet resursunda 650-dən çox fotosessiya, 30-dək videoçarx, eyni zamanda Azərbaycan, ingilis və rus dillərində informasiya mətnləri yerləşdirilmiş, həmin müəssisələrə virtual səyahət etmək imkanı yaradılmışdır. Naxçıvan şəhərindən çəkilmiş 600-dən çox foto və videoçarxların yerləşdirilməsi portal vasitəsi ilə muxtar respublika paytaxtına interaktiv gəzinti imkanı yaratmışdır. İnternet resursunda, həmçinin interaktiv xəritə vasitəsilə dəqiq lokasiyası işarələnmiş məntəqələrə keçid də mümkündür.
“Şərq qapısı”