9 Noyabr – Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Tədbirdə zabit, əsgər və valideynlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, bu gün komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içən gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bunun üçün qanlarını və canlarını əsirgəməyəcəklərinə təntənəli surətdə söz verdilər. Hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, ləyaqət və vicdan məsələsidir. Məhz buna görə də başı üzərində şərəf və ləyaqət simvolu olan Azərbaycan bayrağı dalğalanan əsgərlərimizin şücaəti düşmənlərimiz üçün gözdağı, xalqımız üçün isə fəxr və qürur mənbəyidir.
Şəxsi heyətin tribunanın önündən təntənəli keçidindən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar. Valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.
Həmin gün Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında da gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.
Xəbərlər şöbəsi