Bu il Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikamızda həm ölkə, həm də beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bununla əlaqədar təsdiq olunan tədbirlər planına əsasən həyata keçirilən layihələrdən biri də muxtar respublikanın hər bir bölgəsində yeni “Gənclər bağı”nın salınmasıdır. Həyata keçirilən bu tədbirlər çərçivəsində ekoloji tarazlığın qorunması, yaşıllıqlara qulluq göstərilməsi istiqamətində ardıcıl işlər görülür.
Naxçıvan şəhəri ətrafında salınmış “Gənclər bağı”nda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə növbəti aksiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və tabeliyində olan təşkilatların əməkdaşları, 80-ə yaxın könüllü gəncin iştirakı ilə bağda 500 üzüm və 500 meşə ağacı tingi əkilib. Aksiyada əkilmiş tinglər suvarılıb və ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib.
Sonda gənclər üçün çay süfrəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti