Naxçıvan Beynəlxalq Hava Limanında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
Hava limanının aerodrom təminatı sahəsinin rəisi İlkin Nəsirov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib. O qeyd edib ki, hava limanının soyuq və qarlı günlərdə də daim işlək vəziyyətdə saxlanılması, habelə hava gəmilərinin enib-qalxması zamanı təhlükəsizliyin təmin olunması üçün profilaktik tədbirlər həyata keçirilib. Fırçalı qartəmizləyən, qarkürəyən, istilik verən, rotorlu xüsusi avtomaşınlar saz vəziyyətə gətirilib, hava limanında uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik, işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışı həyata keçirilib. Uçuş-enmə zolağında normativ ilişmə əmsalının yoxlanılması üçün spidometr avadanlığı texniki baxışdan keçirilib. Həmçinin tələbata görə yanacaq və mal-material ehtiyatının yaradılması diqqət mərkəzində saxlanılır.
İlkin Nəsirov onu da diqqətə çatdırıb ki, görülən işlər soyuq qış aylarında, istənilən hava şəraitində cədvəl üzrə həm yerli, həm də beynəlxalq səviyyəli uçuşların rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir. Hava limanının uzunluğu 3300, eni isə 60 metr olacaq yeni uçuş-enmə zolağının inşası davam etdirilir.
Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, noyabrın 2-də hava limanına 25 adda 30 yeni texnika və avtomobil təqdim olunub.
Ramiyyə ƏKBƏROVA