Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.
Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Ötən əsrdə Azərbaycan xalqı iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali Məclisin qərarında deyilirdi:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır.
Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il noyabr ayının 17-nin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
Naxçıvan şəhərindəki Bayraq Meydanında Bayraq Muzeyi yaradılmışdır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilmişdir.
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş bilgilərə malik olmalarına şərait yaradır.
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bu gün müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanır. Bayrağımızın işğal olunmuş digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.
Ölkə Prezidentinin iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
“Şərq qapısı”