Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi tədbiri giriş sözü ilə partiyanın Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açıb. Bildirilib ki, Azərbaycanın Dövlət Bayrağı 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verib. Həmin il oktyabrın 18-də isə Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı qəbul edilib.
Diskussiya şəraitində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Nuran Əzizov, təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, gənc partiya üzvü Amin Əliyev və digərləri çıxış edərək diqqətə çatdırıblar ki, respublika Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli şəkildə qaldırılması 2010-cu il sentyabrın 1-də olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir. Həmin il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının və Muzeyinin istifadəyə verilməsi dövlət atributlarının təbliği istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbirdə məktəblilər dövlətə, dövlətçiliyə, bayrağa həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Elman MƏMMƏDOV