24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə­-gənclər təşkilatı” müsabiqəsi çərçivəsində “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda yazı müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan müsabiqədə qalib olan Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənovanın yazısını oxuculara təqdim edirik.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin məqsədi yeni nəsli fiziki, mənəvi-psixoloji cəhətdən sağlam, milli dəyərlərimizə sadiq gənclər kimi yetişdirmək, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir. Ulu öndər gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsil və tərbiyəsini hər zaman vacib məsələlərdən biri hesab edirdi. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən siyasət milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratdı.

Ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində savadlı, yüksəkixtisaslı gənc kadrların yetişməsi işinə xüsusi diqqət göstərmiş, yüzlərlə azərbaycanlı gənci xaricdə təhsil almağa göndərmişdir. Dahi şəxsiyyət hər zaman qeyd edirdi ki, yalnız yüksək elm, təhsil sahibi olan gənclər milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya və Azərbaycan dövlətini inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldıra bilər.
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi həmişə xüsusi yer tutmuşdur. Gənclərin himayədarı olan ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri hesab edərək demişdir: “Gənclərimizin qarşısında duran ən əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Mənəvi tərbiyəni daim aparmaq və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Dövlətçilik və milli ideologiyamızın gələcək təminatı gənclərin bugünkü və gələcək mənəviyyatına bağlıdır. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial­-iqtisadi, elmi-mədəni həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur”.
Azərbaycan Gənclərinin II Forumundan sonra ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” fərman və sərəncamlar, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənclər siyasəti haqqında” dövlət proqramları, qanunlar qəbul edilmiş və həyata keçirilmişdir. Bütün bunlar gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu mənada, ulu öndər həm Azərbaycanın milli müstəqilliyinin, dövlətçiliyimizin, həm də gəncliyimizin xilaskarı olmuşdur.
Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin bəhrələrini Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında bütün incəlikləri ilə görmək mümkündür. Gəncliyin sağlam, vətənpərvərlik ruhunda yetişməsi, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün muxtar respublikamızda hər cür şərait yaradılıb. Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublika gəncliyinin səsi artıq dünyanın inkişaf etmiş ölkələrindən gəlir.
Muxtar respublika gəncliyi isə göstərilən diqqət və qayğıya cavab olaraq qədim diyarımızda bütün sahələrin inkişafına layiqli töhfələr verməyə çalışır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin: “O dövlət, cəmiyyət güclüdür ki, onun gəncliyi, əhalisi dövlətə, mənsub olduğu xalqa sədaqətlidir, vətənpərvərdir, təhsillidir. Vətənpərvərliyi, milli ruhu, zəngin mədəniyyəti olmayan insan yüksək savada da malik ola bilməz. Odur ki, harada təhsil almağınızdan, fəaliyyət göstərməyinizdən asılı olmayaraq, unutmayın ki, müstəqil Azərbaycan Respublikasını təmsil edirsiniz, doğma ana yurdumuz Azərbaycandır. Azərbaycanın adını, azərbaycanlı şərəfini daim uca tutmalı, hər biriniz bu ada layiq olmalısınız” sözləri muxtar respublika gəncliyinin fəaliyyət pro­qramına çevrilmişdir.
Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ümummilli liderin dövlət gənclər siyasətinin muxtar respublikada uğurlu davamının bəhrəsidir. Gənclərin təhsilə, elmə, mədəniyyətə və incəsənətə marağının artırılmasına, onların stimullaşdırılmasına daim diqqət yetirilir. Tələbə-gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün muxtar respublikada hər cür şərait yaradılıb. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz innovativ potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkan yaradır. İnamla deyə bilərik ki, bugünkü gənclər müstəqil dövlət quruculuğunda öz üzərlərinə düşən vəzifələrin və dahi rəhbərin tövsiyələrinin yerinə yetirilməsi məsuliyyətini dərk edərək müstəqil Azərbaycanı bəşəriyyətin siyasi gerçəkliyində möhtəşəmlik və müqəddəslik mücəssəməsinə çevirmək əzmindədirlər. Muxtar respublika gənc­ləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR