23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda keçirilən elmi konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, 1918-ci il noyabrın 3-də yaradılan Araz-Türk Respublikasının fəaliyyəti təkcə o dövr üçün yox, bütövlükdə, bölgənin taleyi, bu günü və gələcəyi üçün çox böyük tarixi əhəmiyyət daşıyır. Akademik bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi ilk ildə çətin daxili və xarici amillərlə qarşılaşıb və Naxçıvan diyarına istənilən səviyyədə diqqət yetirə bilməyib. Bundan istifadə edən erməni daşnakları buraya ardı-arası kəsilməyən basqınlar edib, əhaliyə qarşı soyqırımı törədib, Naxçıvanı işğal etmək istəyib. Lakin yerli əhali düşmənə qarşı mübarizə üçün birləşib və qədim diyarımızın ermənilər tərəfindən zəbt olunmasına imkan verməyib.
Diqqətə çatdırılıb ki, paytaxtı Naxçıvan şəhəri, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyondan artıq olan Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur­-Dərələyəz qəzaları, Ordubad mahalını, Sərdarabad, Uluxanlı, Vediba­sar, Qəmərli, Mehri, Sürməli və digər əraziləri əhatə edib. Hökumətin hərbi qərargahı Naxçıvan xanlarının şəhərin mərkəzində olan binasında yerləşib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Araz-Türk Respublikasının yaranması ərəfəsində bölgədə ictimai-siyasi vəziyyət”, Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin “Araz-Türk Respublikasının yaranması və bölgəni erməni işğalçılarından qorumaq uğrunda mübarizəsi”, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilovun “Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə dair”, Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvan hərbçilərinin iştirakı” mövzusunda məruzələri dinlənilib.
Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR