Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə görüşmüş, Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin yekun tədbirində iştirak etmişdir.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məktub göndərərək göstərilən diqqətə və səmərəli əməkdaşlığa görə minnətdarlıq etmişdir.
Məktubda deyilir:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov,
2018-ci il oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasına səfərim zamanı mənə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı qəbul etməyinizi Sizdən xahiş edirəm. Asiya İnkişaf Bankı Naxçıvanda həyata keçirilən, 135 min nəfərin faydalandığı və insanlar üçün əhəmiyyətli olan sağlam ətraf mühitin təmin edilməsinə zəmanət verən uğurlu su təchizatı və kanalizasiya layihəsi ilə qürur duyur.
Bu səfər mənə heyrətamiz müasir inkişaf ilə yanaşı, həm də Naxçıvanın qorunub saxlanılan qədim tarixini öyrənməyə imkan yaratdı. Təmiz su istehsal edən sutəmizləyici qurğu kompleksinin səlis və fasiləsiz işləməsinə heyran oldum. Burada dadına baxdığım su çox təmiz və dadlı idi.
Layihənin uğur əldə etməsində Sizin şəxsi rəhbərliyiniz və Naxçıvan Muxtar Respublikası Hökumətinin səylərini yüksək qiymətləndiririk.
Səmərəli görüşüm zamanı müzakirə olunduğu kimi, Asiya İnkişaf Bankı şəhər və kənd təsərrüfatı sahələrini əhatə edən yeni layihə təkliflərini araşdıracaqdır. Biz məhsuldar əməkdaşlığın davam etdiriləcəyinə ümid edirik.
Hörmətlə,
Vençay Janq
Asiya İnkişaf Bankının vitse-prezidenti