Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 3 aylıq ilkin hazırlıq kursu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış edərək bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasına, əməkdaşların qanunçuluğa, xidməti və icra intizamına, etik davranış qaydalarına ciddi əməl etmələrinə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, həmçinin nəzəri-praktik, mənəvi-psixoloji hazırlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazırda Orta İxtisas Polis Məktəbinin inzibati bina kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin dövlətçilik tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Qeyd olunub ki, ilkin hazırlıq kursunu müvəffəqiyyətlə başa vurmuş 28 gənc polis əməkdaşı bütün xidməti dövrü anda sadiq qalmalı, peşəkarlığını artırmaq üçün daim öz üzərlərində çalışmalı, ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində vəzifə borcunu ləyaqətlə yerinə yetirməlidirlər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov çıxış edərək gənc əməkdaşları təbrik edib.
Sonra andiçmə mərasimi başlayıb, gənc əməkdaşlar təntənəli şəkildə polis andı içiblər.
Tədbirdə polis baş serjantı Sami Səfərov çıxış edərək gənc polis əməkdaşları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda xidmət edəcəklərini bildirib.
Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponatlara baxış olub.
Nail ƏSGƏROV