Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin oktyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda və 5 oktyabr tarixli qərarları ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişikliklər edilmişdir. Sonuncu Qaydalarda edilmiş dəyişikliklərə görə praktik psixoloq vəzifəsi üzrə müsabiqədə iştirak etmək üçün zəruri olan 1 ildən yuxarı pedaqoji staj məhdudiyyəti aradan qaldırılmış, müəllim köməkçisi, tərbiyəçi, defektoloq, loqoped, praktik psixoloq, məktəb uşaq birliyi təşkilatı rəhbəri, laborant, kitabxana müdiri, kitabxanaçı vəzifələrinə, habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul üçün keçid balı 40 bal müəyyən edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli qərarları ilə “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə görə) subsidiya verilməsi Qaydası” təsdiq edilmişdir. Müvafiq Qaydaya əsasən 2018-ci il də daxil olmaqla, 5 il müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə görə) ildə 10 manat məbləğində subsidiya verilir. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 17 oktyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2019-cu il üçün əmək miqrasiyası kvotası” təsdiq edilmiş, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin göstərdiyi tibbi xidmətlərin siyahısı və tarifləri” yeni redaksiyada verilmiş və “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2018-ci il 26 oktyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilmiş və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən daxil olan vəsaitlərin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 113 nömrəli qərarında dəyişikliklər edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.