22 Dekabr 2024, Bazar

2012-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti vaxtaşırı qurumun sessiyalarında və müxtəlif komitələrin iclaslarında təmsil olunaraq təşkilatın işində fəal iştirak etmişdir. Hesabat dövründə qurumdakı nümayəndə heyəti 2 dəfə plenar sessiyanın, 16 dəfə komitələrin və 1 dəfə konqresin rəhbər orqanı olan, Nizamnamə Forumu adlanan qurumun toplantısında iştirak etmişdir.
Bu il konqresin fəaliyyət planına salınmış ölkəmizlə bağlı monitorinq və onunla əlaqədar işlər qurumdakı nümayəndə heyəti üçün əsas fəaliyyət istiqaməti olmuş, hazırlanan sənədlərin ölkəmizin maraqlarına cavab verməsi məqsədilə bir sıra işlər aparılmışdır.
2012-ci ilin 20-22 mart tarixlərində Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 22-ci Plenar Sessiyasının işində nümayəndə heyəti tam tərkibdə iştirak etmişdir. Sessiyada “Avropada regional idarəetmə: səmərəlilik, transparentlik və nəzarət”, “Avropada regionlaşmanın mövcud vəziyyəti”, “Avropa Birliyi ilə əməkdaşlığın inkişafı”, Moldova, Portuqaliya, Bosniya və Herseqovinada aparılmış monitorinqin nəticələri və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
2012-ci il aprel ayının 2-5-də nümayəndə heyəti ölkəmizin monitorinqi ilə bağlı Azərbaycanda səfərdə olan Avropa Şurasının Monitorinq Missiyası ilə görüşlər keçirmiş, missiyanı maraqlandıran sualları cavablandırmış, yerli və regional orqanların maraqlarının gələcək sənədlərdə əks etdirilməsi üçün fəaliyyət göstərmişdir.
2012-ci il iyul ayının 6-da nümayəndə heyətinin rəhbəri konqresin Monitorinq Komitəsinin Fransanın Vannes şəhərində keçiri­lən iclasında iştirak etmişdir. İclasda müzakirə olunan məsələlər arasına yuxarıda sözügedən monitorinqlə bağlı hesabat layihəsinin ilkin müzakirəsi məsələsi də salınmışdır. Müzakirələrdə sənədlə bağlı Azərbaycan Respublikasının mövqeyi bir daha çatdırılmış, layihə ilə bağlı iradlar bildirilmişdir. Nəticədə, layihə yenidən işlənilməsi və Azərbaycan tərəfinin mövqeyinin əks olunması üçün geri qaytarılmış, sənədin rəsmi dərc edilməməsinə qərar verilmişdir.

2012-ci ilin 16-18 oktyabr tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü Plenar Sessiyasının gündə­liyinə ölkəmiz üçün əhəmiyyətli hesab olunan “Azərbaycanda yerli və regional demokratiya” adlı məsələ daxil edilmiş və nümayəndə heyətinin əsas işi bu məsələdə ölkə­mizin maraqlarının qorunması, müsbət nəticəyə nail olunması olmuşdur. Məsələ ilə bağlı artıq bir ildir ki, Azərbaycanla işləyən Avropa Şurasının Monitorinq Missiyası ilə daimi əlaqə saxlanılmış, real vəziyyətin dəyərləndirilməsi üçün ardıcıl iş aparılmışdır. Buna baxmayaraq, sessiyada gündə­liyə salınmış məsələ ilə bağlı Avstriya və Niderlanddan olan məruzəçilərin təqdim etdikləri sənədlər (İzahedici Memorandum, Qətnamə və Tövsiyə layihələri) bir çox məqamlarda qərəzli, birtərəfli şəkildə təqdim olunmuşdur. Məsələ ilə bağlı məruzəçilərlə danışıqlar aparılmış, bir sıra məsələlərin yenilənməsi, dəyişdirilməsi, çıxarılması, bəzi məsələlərin isə kompromis əsasında təqdim olunması haqqında razılığa gəlinmişdir. Oktyabr ayının 17-də ölkəmizlə bağlı məsələyə konqresin iclasında baxılmışdır. Ölkəmiz üçün qərəzli və yanlış müddəaların dəyişdirilməsi və çıxarılması üçün Qətnamə layihəsinə 4, Tövsiyə layihəsinə isə 18 düzəliş təqdim olunmuş, bununla bağlı sessiyada çıxış edilərək düzəlişlər bənd-bənd əsaslandırılmışdır. Nəticədə, təqdim etdiyimiz 18 düzəliş və əlavənin 9-u qəbul olunmuş, bəzilərində isə birmənalı qarşılanmayan yanlış ifadələr məruzəçilərin təqdim etdikləri düzəlişlər vasitəsilə aradan qaldırılmışdır. Bundan əlavə, nümayəndə heyətimizin səyləri nəticəsində dövlət orqanlarının tövsiyəsi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda törətdiyi fəsadlar, onun yerli və regional demokratiyaya vurduğu ziyan və demokratikləşməyə əsas təhdid olması barədə memorandum hissəsinə bir sıra digər vacib məqamlar daxil olunmuşdur. Ermənilərin və bir sıra digər nümayəndələrin etirazına baxmayaraq, həmin müddəalar sənəddə saxlanılmış, ümumi sənədin əsas hissəsi kimi dərc edilmişdir. 
Monitorinq zamanı sənədə Naxçıvan Muxtar Respublikasının vəziyyətinin təhlili haqda ayrıca bölmə daxil edilmişdir. Sənədin təqdimatı zamanı məruzəçilər Naxçıvan Muxtar Respublikası haqda daha real, faktlara və analizlərə söykənən fikirlər bildirmiş, muxtariyyətdə yüksək səviyyədə özünüidarəetmə institutlarının olduğunu qeyd etmiş, maliyyə və büdcə sərbəstliyi və regional xüsusiyyətlərə uyğun sosial-iqtisadi siyasət aparıldığını qeyd etmişdilər.
Konqresin sessiyasında qəbul olunan sənədlərin birində isə Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi nəticə daşıya biləcək məqam əks olunmuşdur. Qeyd edilməlidir ki, həmin hissə monitorinq missiyasına aprel-may aylarında ünvanlanan cavablar əsasında Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış, sonradan isə nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir. Sənəddə qeyd olunmuşdur ki, (4.3. Naxçıvan Muxtar Respublikasının xüsusi statusu) Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan 2 beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunmuşdur ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur.
Maddənin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyuk siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Bundan əvvəl yalnız ikitərəfli səviyyədə, Azərbaycan-Türkiyə arasında olan və vurğulanan bu proses artıq Avropa Şurasının konkret sənədində əks olunmuşdur. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi universal və nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Carı ildə Naxçıvan Muxtar Respublikasının Avropa Birliyi ilə əməkdaşlığı da davam etdirilmişdir. 2012-ci il Naxçıvan Muxtar Respublikası-Avropa Birliyi arasında əməkdaşlığın daha da dərinləşməsi və institusionallaşması ilə yaddaqalan olmuşdur. Azərbaycan Respublikasının da qatıldığı “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində dövlət və hökumət başçıları, milli parlamentlər və regional hakimiyyət orqanlarının yeni qurumlarının təsis olunması prosesi artıq yekunlaşmışdır. 2012-ci ildə Şərq Tərəfdaşlığı naminə Regional və Yerli Hakimiyyətlərin Konfransının (CORLEAP) işində yaxından iştirak edilmiş, muxtar respublika parlamentinin nümayəndəsi qurumun bürosunun üzvü seçilmişdir. 2012-ci ildə Şərq Tərəfdaşlığı naminə Regional və Yerli Hakimiyyətlərin Konfransının Brüsseldə və Kişinevdə keçirilmiş bürosunun işində iştirak edilmiş, Azərbaycanı və muxtar respublikanı maraqlandıran məsələlər barədə çıxışlar edilmişdir. Şərq Tərəfdaşlığı naminə Regional və Yerli Hakimiyyətlərin Konfransının 2012-ci il sentyabrın 6-da Moldovada keçirilmiş illik konfransında da əməkdaşlığın inkişafı, gündəliyin müəyyənləşdirilməsi əsas məsələlər kimi gündəlikdə olmuşdur. Qurumun Avropa Birliyi, onun regionları və strukturları ilə “Şərq tərəfdaşları” arasında əməkdaşlıq platforması olan bu strukturların əsas məqsədini qitədə inteqrasiya sahəsində aparılan siyasətin əlaqələndirilməsi, buna yardım edilməsi təşkil edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının bu platformaya dəvət alması, onun işində yaxından iştirak etməsi, heç şubhəsiz ki, muxtar respublikamızın beynəlxalq regionlararası əlaqələr sistemində qazandığı nailiyyətdir.
Naxçıvan Muxtar Respublikasının Avropa strukturları ilə əlaqələrinin genişlənməsi və Azərbaycan həqiqətlərinin müdafiəsi istiqamətində fəaliyyətin gücləndirilməsi yeni ildə də qarşımızda duran ən mühüm vəzifə olacaqdır.

 

Anar İbrahimov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində
Azərbaycan nümayəndə heyətinin rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR