Şərur qədim tarixə malikdir. Bu yaşayış məskəninin adına “Kitabi-Dədə Qorqud” dastanında “Şəruk” kimi rast gəlinir. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Şərur ərazisində ulu əcdadlarımız yaşayıb-yaradıblar. Onların özlərindən sonra qoyub getdikləri tarixi və mədəniyyət abidələri isə bu qədim yurdun Azərbaycançılıq möhürüdür.
Ulu Tanrı nadir nemətləri Şərur torpağından əsirgəməyib, bu bölgəyə buludlar yaran dağlar, coşqun çaylar, gözyaşı kimi safsulu bulaqlar, bərəkətli torpaqlar bəxş edib. Mənbəyini bulaq sularından alan əfsanəvi Arpaçay bu qədim yurdun torpaqlarına saflıq, bərəkət gətirir.
Şərur həm ərazisinə, həm də əhalisinin sayına görə təkcə muxtar respublikamızın deyil, ümumilikdə, ölkəmizin sayılıb-seçilən rayonlarındandır. Əhalisi 116 min nəfərdir. Rayondakı ümumi ərazinin 17 min hektarı suvarılandır. Əzmkarlıqları, dövlətə və dövlətçiliyə sədaqət prinsiplərini əsas amala çevirmələri ilə fərqlənən şərurlular həmişə zəhmətsevərlikləri ilə çətin işlərin öhdəsindən layiqincə gələ biliblər.
Son illər muxtar respublikanın abadlaşan, gözəlləşən, yeniləşən rayonlarından biri kimi Şərurun da mərkəzindən tutmuş ən ucqar dağ kəndlərinə qədər, hər yerində diqqətçəkən məqam budur ki, insan amili daim ön plandadır. Əhalinin rahatlığı, sərbəst işləməsi və yaşaması üçün hər cür imkan və şərait yaradılır, infrastrukturlar təzələnir, sosial-mədəni obyektlərin tikintisi davam edir. Əgər bu gün rayonun bütün yaşayış məntəqələri, hətta mərkəzdən xeyli aralı məsafədə yerləşən Havuş, Tənənəm, Şahbulaq, Gümüşlü, Aşağı və Yuxarı Yaycı kəndləri fasiləsiz elektrik enerjisi ilə, qazla təmin olunursa, kəndlərə gedən yollara asfalt örtük salınırsa, məktəblər, tibb məntəqələri, mədəniyyət müəssisələri, rabitə evləri münasib binalarda fəaliyyət göstərirsə, deməli, Şərur inkişafının yeni mərhələsindədir.
Rayon mərkəzi kimi Şərur şəhəri aparılan abadlıq-quruculuq işləri sayəsində sürətlə inkişaf edir, böyüyür, gözəlləşir. Geniş ərazini tutan Heydər Parkı, ulu öndərin adını daşıyan prospekt, bir-birinin ardınca istifadəyə verilən, yaxud əsaslı şəkildə yeniləşən ictimai və inzibati binalar, sosial obyektlər, bağ-bağatlar, gülkarlıqlar şəhərin gözəlliyinə yeni çalarlar qatır. Küçə və parklardakı səliqə-sahman qorunur, təmizliyə xüsusi fikir verilir. Bütün bunların nəticəsində rayon sakinlərinin doğma el-obaya, torpağa bağlılığı artır, fərdi təşəbbüskarlıq yüksəlir. Bir vaxtlar çörək qazanmaq üçün qonşu ölkələrə üz tutanlar artıq geri dönür, rayonun sosial-iqtisadi həyatında fəal iştirak edir, əkin-biçinlə məşğul olur, özləri üçün yaraşıqlı evlər inşa edirlər.
Şərurda sahibkarlığa geniş meydan açılıb. Təsadüfi deyil ki, bu gün rayon üzrə istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının əsas hissəsi özəl sektorun payına düşür.
Şərurun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlara diqqət yetirsək, ilk növbədə görəcəyik ki, bu tərəqqinin təməli ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulub. Müstəqillik illərində, daha doğrusu, 1993-cü ildən sonra isə eyni təməl üzərində yeniləşmə, tərəqqi, sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyub. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı hər il artımla müşayiət olunur.
Əsaslı və sürətli inkişafdan, rayonun ümumi irəliləyişindən xəbər verən ürəkaçan, fərəhdoğuran yeniliklər o qədərdir ki, onları bir-bir sadalamaq imkan xaricindədir. Bunu nəzərə alaraq iqtisadi, sosial və mədəni sahələrdə əldə edilən yüksəlişin bəzi məqamlarını oxucuların nəzərinə çatdırırıq: 2018-ci ilin yeddi ayında keçən ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu 1,5 faiz artaraq 55 milyon 100,3 min, kənd təsərrüfatı məhsulları 3,6 faiz artaraq 78 milyon 691,8 min, pərakəndə əmtəə dövriyyəsi 200 milyon 665,8 min, əhaliyə göstərilən ödənişli xidmətlər isə 26 milyon 613,6 min manata çatıb. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 44 milyon 550,7 min manat investisiya yönəldilmişdir.
Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 42 milyon 288,6 min manat təşkil etmişdir.
Əsas özəllik ondan ibarətdir ki, Şərurda kimsə uğurlardan arxayınlaşmır, böyükdən-kiçiyə hər kəs bugünkü nailiyyəti sabahkı qələbənin rəhni sayır.
Rayonda 2018-ci ilin məhsulu üçün 17 min 115 hektar sahədə əkin keçirilib ki, bunun da 4 min 348 hektarını buğda və arpa təşkil edir. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq intensiv amillər hesabına artırılıb, aqrar sahənin davamlı inkişafı təmin olunub. Bunun nəticəsidir ki, yeddi ay ərzində rayonda 78 milyon 691,8 min manatlıq müxtəlif bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Hazırda rayonda 37 min 359 baş iribuynuzlu mal-qara, 137 mindən çox xırdabuynuzlu heyvan vardır. Rayonun təbii-iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, arıçılıq davamlı inkişaf etdirilsin. Hazırda rayonda arıçılıqla məşğul olan təsərrüfatlarda 9 min 124 arı ailəsi vardır.
Şərur indi əsl yüksəliş dövrünü yaşayır, həyata vəsiqə alan irimiqyaslı layihələr, dövlət proqramları rayonun inkişafında əhəmiyyətli rol oynayır. Tikinti, abadlıq və quruculuq işləri ilbəil genişlənir, beləliklə, füsunkar təbiətə malik olan bölgə daha da gözəlləşir.
Rayonu gəzib-dolaşdıqca yenidənqurma işlərinin daha geniş vüsət aldığının şahidi oluruq. İstər Şərur şəhərində, istərsə də kəndlərdə küçələr, avtomobil yolları genişləndirilir, səkilərə kilid daşlar, yollara asfalt döşənir. Bütün yenidənqurma işlərində milli memarlıq xüsusiyyətləri və müasirlik nəzərə alınır.
Müstəqillik dövründə rayonun təhsil sistemində də köklü dəyişikliklər edilib. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uzun illər diqqətdən kənarda qalmış və qəza vəziyyətinə düşmüş məktəblərin əksəriyyəti üçün yeni binalar tikilib, digərləri əsaslı təmir olunub. Ümumiyyətlə, rayonun əksər yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri, mədəniyyət və səhiyyə müəssisələri inşa edilib, yol infrastrukturu, rabitə, elektrik və qaz xətləri yenilənib. 45-dək məktəb binası tikilib, yaxud əsaslı şəkildə yenidən qurulub. İnsanların sağlamlığının qorunması, onların tibbi ehtiyaclarının maksimum səviyyədə qarşılanması məqsədilə geniş ərazini tutan mərkəzi xəstəxana şəhərciyi, 30 çarpayılıq Aralıq Kənd Sahə Xəstəxanası inşa olunub, yaxud yenidən qurularaq istifadəyə verilib.
Tikinti-quruculuq işləri yuxarıda sadaladıqlarımızla məhdudlaşmır, qədim və tarixi abidələr də bərpa olunur. Bütün bunlar müstəqilliyimizin töhfələri, ərməğanlarıdır. Təqdirəlayiq haldır ki, rayonda gedən geniş quruculuq-abadlıq işləri bütün kəndləri əhatə edib. Bu isə onu göstərir ki, bölgədə həyatın bütün sahələrinə diqqət və qayğı var.
Şərurun sosial-iqtisadi inkişafına yeni töhfələr vermək, əhalinin məşğulluğunu təmin etmək üçün sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm addımlar atılır və konkret nəticələr əldə edilir. Sahibkarlar tərəfindən yeni istehsal və emal müəssisələri yaradılır, ticarət, xidmət obyektləri tikilib istifadəyə verilir.
Bu il də rayonun hər yerində tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. 2018-ci ilin əvvəlindən indiyədək Ərəbyengicə kəndində 208 şagird yerlik tam orta məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunub, Yengicə kəndində içməli su şəbəkəsi istismara verilib, bu yaşayış məntəqəsindəki qədim Şərq hamamı bərpa olunub, İbadulla kəndində geniş quruculuq tədbirləri aparılıb. Hazırda rayon mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi üçün bina, Kərimbəyli və Kosacan kəndlərində yeni sosial obyektlər tikilir. Şərur şəhərinin Kapitan Seyidov küçəsindəki 7 nömrəli, beşmərtəbəli binada əsaslı təmir işləri başa çatdırılıb. Yol infrastrukturunun yeniləşdirilməsi, ekoloji tarazlığın qorunması üçün yaşıllaşdırma və abadlıq tədbirləri də diqqət mərkəzindədir.
Ümumiyyətlə, Şərurda ilin bütün fəsillərində işin ahəngi gurdur. Göründüyü kimi, aparılan quruculuq işlərinin miqyası, inkişafın və yüksəlişin dinamikası təkcə rayon mərkəzini əhatə etmir. Tikinti-abadlıq və yaşıllaşdırma bütün yaşayış məntəqələrində eyni sürət və keyfiyyətlə aparılır.
İlin bu çağlarında təbiət Şərura özgə gözəllik, əlvan bir büsat gətirir. İnsan əlinin vurduğu təkrarsız naxışlar isə bu gözəlliyi bir az da artırır. Şərurlular işgüzar olduqları qədər də qədirbiləndirlər. Onlar həmişə dövlətin qayğısını və diqqətini yüksək dəyərləndirirlər. Bu il də belə olacaqdır. Sakinlər deyirlər ki, biz həmişə, hər işdə Heydər Əliyev siyasətini dəstəkləyirik.
Bəli, bu gün Şərurda gedən inkişaf prosesi, əldə edilən uğurlar hər bir insanı sevindirir, gələcəyə inam hissini daha da yüksəldir. Bölgə bu gün abad yaşayış məntəqələri, yolları, bağ-bağçaları, bol məhsul verən tarlaları ilə müstəqil Azərbaycan rayonunun bir nümunəsidir. Bu torpağın hüsnünə tamaşa etdikcə düşünürsən ki, zəhmətkeş insanların yorulmaz əməyi öz əməli nəticəsini verib. Dövlət müstəqilliyimizin bəhrələri Şərurun hər bir guşəsində özünü bariz şəkildə göstərir.
İlin bu vədəsində Şərur daha füsunkar olur, ələyəz küləyi al-əlvan çiçəklərin ətrini rayonun hər tərəfinə yayır. Həyata keçirilən quruculuq tədbirləri isə bu füsunkarlığa yeni çalarlar qatır. Bəli, Şərurun hər günü, hər ayı abadlıq, quruculuq, yaşıllaşdırma tədbirləri ilə, sənaye və istehsal müəssisələrində, aqrar sahədə inkişafla, tərəqqi ilə yadda qalır. Bu, bölgənin daha işıqlı, daha xoş gələcəyindən soraq verir. Bu diyarın indiki növrağı gözəldir, gələcəyi daha da cazibədar olacaqdır.
Elman MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru