Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov və Kəngərli rayonunun Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Sarvan Məmmədov 3-5 sentyabrda Ukraynanın İrpen şəhərinə səfər edərək burada fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbində olublar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti əvvəlcə İrpen şəhərindəki Akademik Zərifə xanım Əliyeva adına parka gələrək görkəmli alimin buradakı abidəsi önünə tər çiçəklər düzüblər. Akademik Zərifə Əliyeva adına 12 nömrəli məktəbin direktoru Valentina Antonenko görkəmli alimin həyat və fəaliyyəti haqqında tədbir iştrakçılarına geniş məlumat verib.
Nümayəndə heyətinin rəhbəri Abdulla Əsgərov Akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə keçirilən Bilik Günü tədbirindəki çıxışında şagird və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Ümumtəhsil məktəbində təhsil prosesi ilə tanış olan nümayəndə heyəti Akademik Zərifə Əliyeva adına Muzeydə də olub, onlara burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti muzeyə kitablar hədiyyə edib.
Qeyd edək ki, bu ilin aprel ayında İrpen şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti də Naxçıvan Muxtar Respublikasında səfərdə olub, görkəmli akademikin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin növbəti səfəri də həmin məktəbin dəvəti əsasında həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti