24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 8-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yığıncağı keçirilmişdir.

 Yığıncağın gündəliyinə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi verilmişdir.

Gündəlik qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilmiş, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılmış, idmanla məşğul olanların sayı artmışdır. İntellektual idman növlərindən olan şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yaradılmışdır. Naxçıvanda şahmat idman növünün inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, artıq bu gün federasiyasının tərkibində 8 şahmat məktəbində 177 müəllim və 291 qrupda 3000-dək şahmatçı idmanın bu növü ilə məşğul olur. 2018-ci ilin ötən dövründə Şahmat Federasiyasının idmançıları ölkə çempionatlarında 8, beynəlxalq yarışlarda isə 12 medal qazanmışlar. 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, Ali Məclis Sədrinin qayğısı ilə şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Bir sıra nöqsanlara yol verilir. Beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzu olunan səviyyədə deyil. Artıq xeyli vaxtdır ki, açıq birinciliklər keçirilmir. Belə yarışlar keçirilməyəndə istedadlı gənc şahmatçıları üzə çıxarmaq mümkün olmur. Mərkəzin qabaqcıl şahmatçıları ilə məşğul olmaq üçün güclü müəllimə ehtiyac var.

Sonra gənclər və idman naziri Azad Cabbarov Seymur Talıbovun Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına sədrliyinə namizədliyini irəli sürmüşdür.

Təklif yekdilliklə qəbul olunmuş və Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri seçilmişdir.

Muxtar respublikanın gənclər və idman naziri yığıncaq iştirakçıları adından Seymur Talıbovu Şahmat Federasiyasının sədri seçilməsi münasibətilə təbrik etmişdir.

Məşqçi-müəllimlər Hüseyn Əliyev və Əli Hüseynzadə də yeni seçilmiş federasiya sədrini təbrik etmişlər. Vurğulamışlar ki, idmançılara daha da yaxın olan, onlara qayğı ilə yanaşan Seymur Talıbovun federasiyaya sədr seçilməsi muxtar respublikada şahmatın inkişafına töhfə verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov göstərilən etimada görə federasiya üzvlərinə təşəkkürünü bildirmiş, Ali Məclis Sədrinin idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya öz əməli işi ilə cavab verəcəyini vurğulamışdır. 

 “Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR