24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən  beynəlxalq konfransda iştirak edən nümayəndələrdən bir neçəsi ilə görüşüb müsahibələr aldıq. Həmin müsahibələri oxucularımıza təqdim edirik. 

İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, akademik: – Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar keçirilən tədbirlər qədim diyarın bütün sahələrdəki inkişafını dünyaya göstərib. Bu günədək Avropanın bir çox tanınmış şəhərlərində olduğumdan deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ­rəhbərliyi ilə illərdən bəri aparılan uğurlu siyasət nəticəsində qədim diyar əsl Avropa məkanına çevrilib. Fərəhlə demək olar ki, bu gün qədim torpaqda yeni nəsil şair və yazıçılar, elm adamları yetişib, hətta bir sıra sahələrdə elmi məktəblər də yaranmağa başlayıb. Bu mənada, konfransın keçirilməsi Nuhun məskəni sayılan Naxçıvanın binə olmasından indiyədək keçdiyi möhtəşəm yolu dünyaya bəyan etmək, çatdırmaq işində həmin ziyalılar üçün böyük fürsətdir. Tədbirdə iştirak edən xarici ölkələrin elm adamları da buranın qədimliyi, müasir inkişafı ilə yaxından tanış olur, heyranlıqlarını bildirirlər. Bu da hər birimizə böyük qürur və sevinc bəxş edir. Aparılan son tədqiqatların nəticələri bu konfransda elan olundu. Elə müddəalar var idi ki, onlar ilk dəfə məhz Naxçıvanda səsləndirilirdi, birgə müzakirələr, fikir mübadilələri aparıldı. Təbii ki, bu da qədim diyarda elmin bütün sahələrinin gələcəkdə daha da inkişafına böyük təkan verəcək.
Onu da deyim ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi aparılan uzaqgörən siyasətin bəhrəsidir. Bu əlamətdar hadisə diyarın sürətli inkişafına təkan verməklə yanaşı, həm də Naxçıvanı dünyaya tanıtmaq, blokadanı bir daha qırmaq, böyük yüksəliş üçün yeni qapılar açmaq məqsədləri daşıyır. Əminliklə demək olar ki, Naxçıvanda İslam Mədəniyyətinin Paytaxtı tədbirlərinin yüksək səviyyədə keçirilməsi artıq həmin istiqamətlərin hər biri üzrə yeni inkişafa böyük stimul olub.

Gövhər Baxşəliyeva – AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik: – İlk olaraq onu deyim ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən konfrans böyük elm bayramıdır. Ona görə ki, biz bu tədbir sayəsində bir araya gələrək keçirdiyimiz tədqiqat işləri ilə bağlı fikir mübadiləsi apara, gələcək araşdırmalara istiqamət götürə bilirik. Konfransın gündəliyinə müsəlman aləmi və mədəniyyəti üçün çox əhəmiyyətli mövzular salınmışdı.
Tarixdən də hamımıza yaxşı məlumdur ki, İslam dini meydana gələndən sonra möhtəşəm müsəlman sivilizasiyası yaranıb. Bu mədəniyyətin təşəkkül tapıb inkişaf edərək formalaşmasında təkcə ərəblərin deyil, azərbaycanlıların da böyük rolu olub. İslam dini ilə bağlı əsərlərin yazılmasında, ilahiyyat elmlərinin inkişafında, İslam dini, əxlaqı, fikir və ideyalarının ədəbiyyata gətirilməsində şair və yazıçılarımızın əməyi danılmazdır. Əgər orta əsr Azərbaycan ədəbiyyatına nəzər salsaq, bütün bu deyilənlərin şahidi olarıq. İslam dininin təşəkkül tapmasından sonra bir çox müsəlman ölkələrinə üz tutaraq ilahiyyat elmini öyrənən azərbaycanlılar da çox olub. Sonralar İslam alimi kimi yetişən həmin ­görkəmli şəxsiyyətlər müsəlman elmi ilə bağlı bir sıra tədqiqat işləri aparıb, dəyərli əsərlər yazıblar. Bu günədək dünyanın bir çox məşhur kitabxanalarında Naxçıvani soyadı ilə tanınan azərbaycanlı alimlərin əsərləri ilə tanış olmuşam. Düşünürəm ki, həmin əsərlər xalqımızın mədəni sərvətidir və onları tərcümə etdirmək, geniş şəkildə öyrənmək, bizim olduğunu dünyaya bəyan etmək olduqca vacib məsələdir.
İslamın digər izləri isə ölkəmizdə ucalan maddi-mədəniyyət nümunələrində özünü göstərir. Naxçıvanda müsəlman dünyasına xas tarixi abidələr kifayət qədərdir. İxtisasıma uyğun olaraq dünyanın bir çox ölkələrini gəzdiyim üçün böyük qürurla deməliyəm ki, indiyədək məni ən çox heyrətləndirən Möminə xatın türbəsi olub. Bu gün insanların çoxu Misir ehramlarını yaxından görməyə can atır. Bu da bir faktdır ki, Möminə xatın türbəsi üzərindəki həndəsi ornamentlərinə, naxışlarına, işlənmə incəliklərinə, möhtəşəm əzəmətinə görə heç də dünyanın 7 möcüzəsindən biri sayılan Misir ehramlarından geri qalmır. Fikrimcə, bu tarixi-mədəni abidə cahanın 8-ci möcüzəsi hesab edilməlidir.
Onu da qeyd edim ki, bu, mənim Naxçıvana üçüncü səfərim olsa da, hər gəlişimdə özümü sanki yeni bir məkanda hiss edirəm. Son illər qədim diyarın sürətli inkişafı məni heyran qoyur. Dünyanın ən baxımlı şəhərlərində belə, Naxçıvandakı qədər səliqə-sahman, təmizlik yoxdur. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda gedən belə yüksək inkişaf düşmənimizə gözdağı, dostlarımıza isə böyük fəxarət gətirir.
Muxtar İmanov – AMEA-nın Folklor İnstitutunun direktoru, akademik: – Ötən illər ərzində qədim Naxçıvan torpağında əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin ideya-siyasi kursuna sadiqliyin və yurda bağlılığın təcəssümü kimi özünü büruzə verir. Bu gün Naxçıvan keçirilən beynəlxalq tədbirlərə, elmi simpozium və festivallara ev sahibliyi edir. “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfrans da növbəti əhəmiyyətli tədbirlərdən biridir.
Beşminillik şəhər mədəniyyəti tarixinə malik olan bu qədim oğuz yurdu hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. 2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi onun İslam dünyasındakı yerinin və nüfuzunun göstəricisidir. Naxçıvan İslam dünyasının, mədəniyyət zənginliyinin rəmzi olan bir şəhərdir. Bunu şəhərin qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir.
Heç şübhəsiz ki, Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi, bəşər sivilizasiyasına qiymətli töhfələr verməklə, bu mədəniyyətin müasir mərhələsində və yeni kontekstdə tədqiqinə, eləcə də təbliğinə geniş imkanlar açacaq.

 Nail ƏSGƏROV
 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR