Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. Qarşıya qoyulan bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların vaxtında aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublika ölkəmizdə liderliyini qorumaqdadır.
Naxçıvanda mövcud olan yüksək potensialdan daha səmərəli istifadə etməklə sənaye və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək vermək, əhalinin həyat səviyyəsini yüksəltmək, sosial rifah halını daha da yaxşılaşdırmaq bu gün də dövlətimizin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu isə uğurların davamlı olmasını şərtləndirən amil kimi inkişafa stimul verir, yeni-yeni nailiyyətlərin əldə edilməsinə yol açır. İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi çox böyük bir tarixi missiyanı yerinə yetirən Naxçıvanda 2018-ci ilin yanvar-iyul aylarında da əldə edilən uğurlu nəticələr inkişafın davamlı xarakter aldığını göstərir.
İqtisadiyyatın sənayeləşməsini sürətləndirmək yolu ilə muxtar respublikanın güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz nəticəsini verməkdədir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb. Sənaye məhsulları istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir. İnkişafın mühüm göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) tərkibində sənayenin ilk yeri tutması da bunu təsdiq edir. Belə ki, muxtar respublikada 2018-ci ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ÜDM istehsal olunub ki, onun da tərkibində ilk yeri sənaye sahəsi tutur. Həmin dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Onu da qeyd edək ki, hər bir nəfərə düşən ÜDM-in həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötüb. Bu, muxtar respublikanın hərtərəfli inkişafının nəticəsidir.
Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. Həyata keçirilmiş belə layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb.
Bu tədbirlərin davamı olaraq qarışıq yem istehsalı, qaynaq çubuğu, kimyəvi tərkibli tikinti materialları istehsalı, plastik tara, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, plastik səbət, xalça, yun və boyaq bitkilərinin tədarükü, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, heyvandarlıq, balıqçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 20 sahənin yaradılması davam etdirilib. Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min 400 manat maliyyə dəstəyi göstərilib.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılıb. 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə, ümumilikdə, 30 milyon 760 min 400 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 2,3 dəfə çoxdur.
Muxtar respublikamızda iqtisadiyyatın ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi muxtar respublika iqtisadiyyatını gücləndirib, kənd təsərrüfatının kompleks inkişafını təmin edib.
Əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması muxtar respublikada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. Bundan başqa, yüksəkkeyfiyyətli süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Məhz bütün bunların nəticəsidir ki, bu ilin yanvar-iyul aylarında 234 milyon 475 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Sənaye və kənd təsərrüfatı sahələrində istehsalın yüksək sürətlə artması iqtisadi inkişafın mühüm göstəricilərindən hesab edilir. Bu, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına, fermerlərə göstərilən dövlət dəstəyi nəticəsində mümkün olub. Ümumilikdə, yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, muxtar respublikada 126 növdə 570 çeşiddə ərzaq, 256 növdə 884 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 382 növdə 1454 çeşiddə məhsul istehsal olunur. 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-iyul aylarında 249 milyon 147 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 145 min 500 ABŞ dolları təşkil edib, 193 milyon 143 min 300 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Sosial-iqtisadi yüksəlişi ilə diqqətləri üzərinə cəlb edən muxtar respublikamız qədimliyini və tarixiliyini qorumaqla sürətlə inkişaf edir. Ötən illər ərzində inkişaf proseslərinin ardıcıl xarakter alması nəticəsində sənaye məhsulunun həcmi 34,4, əsas kapitala yönəldilmiş investisiyalar 15,9, tikinti-quraşdırma işləri isə 15,2 dəfə artıb, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilib, elektrik stansiyaları istismara verilib, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilib. Müasir avadanlıqlarla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilib, yeni yollar çəkilib, istehsal müəssisələri yaradılıb, 72 mindən çox yeni iş yeri açılıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.
Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-iyul aylarında bu tendensiya yüksələn xətt üzrə davam edib. Belə ki, vəsait qoyuluşları çərçivəsində bəhs olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 579 milyon 300 min 400 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 549 milyon 804 min manatı və ya 94,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Göründüyü kimi, 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin arzuladığı kimi Naxçıvanın uğurlu sosial-iqtisadi tərəqqisi nəticəsində mümkün olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.
Rauf KƏNGƏRLİ