24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 7-də "Naxçıvan" Universitetində "Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.   

Beynəlxalq konfransın iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra onlar Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxmışlar. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvanın zəngin tarixi-mədəni irsi islam mədəniyyətinin paytaxtı kimi onun əhəmiyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri cənab Vasif Talıbovun dediyi kimi “Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”. 

  Ali Məclisi Aparatının rəhbəri bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin qorunmasına xüsusi diqqət yetirilir. Muxtar respublikada 211 məscid var. Onlardan 169-u yeni tikilmiş və ya yenidən qurulmuş, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilərək  dindarların və zəvvarların ixtiyarına verilmişdir. 

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında İslam dininin əsasları tədris olunur. Görülən tədbirlərin nəticəsidir ki, müxtəlif məzhəb və təriqətlərin nümayəndələri məscidlərdə birgə ibadət edirlər. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi, üzərində loqotip əks olunmuş zərf və poçt markası, buklet və döş nişanları hazırlanmışdır. 

2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilmişdir. Bu gün öz işinə başlayan “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda Beynəlxalq konfrans da Tədbirlər Planına uyğun olaraq  görülən işlərin davamıdır. 

Əli Həsənov Beynəlxalq konfransın Naxçıvanın zəngin türk-islam mədəniyyətinin öyrənilməsi işinə mühüm töhfə olduğunu bildirmiş, konfrans iştirakçılarını salamlamış və konfransa öz işində uğurlar arzulamışdır.           

 Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsini sədri, akademik İsmayıl Hacıyev "Naxçıvan: islam mədəniyyətinin yaşadıldığı məkan" mövzusunda çıxış edərək demişdir ki, Naxçıvan şəhəri qədim və zəngin tarixə malikdir. Dünyanın az şəhərləri vardır ki, onlarda ilkin şəhər mədəniyyətinin yaranmasının beş min illik tarixi vardır. Həm də bu tarixdə çox böyük zənginlik olmuşdur. Bu zənginliyi yaradan ərazinin qədim sakinləri və Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsidir. Naxçıvanın Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərmişdir. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görmüş, öz yol qeydlərində bu haqda bəhs etmişlər. Ona görə də orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar vermişlər. Bu mənbələrdə Naxçıvan şəhəri "Yer üzərində bundan daha çox əhalisi olan şəhər yoxdur", "Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur", "Şəhərdə çoxlu saray, köşk və eyvan vardır" və başqa bu kimi ifadələrlə, "Nəqşi-cahan" epiteti tərənnüm olunmuş, "Naxçıvan İslamın ən güclü dayaqlarından biri" adlandırılmışdır. Bu gün də Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı, bu şəhərin İslam mədəniyyətinin paytaxtı kimi tarixi missiyasını şərtləndirir.            

Milli Azərbaycan tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı "Bölgədə islam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu" mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycanın bu ulu diyarı dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Naxçıvan tarixən təktanrıçılığın məskəni olub. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində İslami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Zəngin tarixə malik olan bu diyar islam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməkdədir. 

İstanbul Universitetinin müəllimi, professor Oktay Belli "Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti" mövzusuna toxunaraq qeyd etmişdir ki, bu konfrans türk tarixi üçün böyük əhəmiyyət daşıyır. Çünki Naxçıvanın türk dünyasında çox böyük yeri və rolu vardır. Bu qədim diyar olduqca zəngin bir tarixə malikdir. Bu ulu torpaq tarixi-mədəni abidələri ilə öz ulu keçmişindən xəbər verir. Körpülər, abidələr, karvansaraylar, məscidlər, hamamlar türk xalqının bu torpağa vurduğu naxışlardır və bu xalqın tarixinin nə qədər köklü olduğunu sübut edir. 

Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş "İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu", Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı "XII-XIII əsrlər Arazətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar" mövzularında məruzələr ediblər. Məruzəçilər qeyd ediblər ki, Naxçıvan müqəddəs torpaqdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Məhz bu baxımdan Naxçıvan islamın olduğu kimi təbliğinə öz töhfəsini verir. 

Sonra konfrans öz işini bölmələrdə davam etdirib. 

"Şərq qapısı"

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR