24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı bir qrup gəncin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə ekskursiyasını təşkil edib. Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə danışaraq bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadim­inin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Muzeyin bələdçisi Əfsanə Məhərrəmova ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən digər eksponatlar barədə məlumat verərək vurğulayıb ki, muzeyin zəngin ekspozisiyası onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi Heydər ­Əliyev­ kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatlar dahi ­şəxsiyyətin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyindəki hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Həmin eksponatlar yaradıcı insanlar üçün ilham mənbəyi, elm adamları üçün isə dəyərli məlumatlar toplusudur. İl ərzində burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla birgə elmi konfranslar keçirilir, muzeyə məktəblilərin və tələbələrin ekskursiyaları təşkil olunur, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi diqqətdə saxlanılır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev muzeyi ziyarət zamanı qeyd edib ki, xalqımızın böyük oğlu Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider olmaqla yanaşı, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlılığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər kimi xalqımızın qəlbində yaşayır. Ona görə də xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarını həyata keçirməyə çalışır. Naxçıvanın baş meydanında dahi şəxsiyyətin əzəmətlə ucalan abidəsi, zəngin eksponatlara malik olan ­Heydər Əliyev Muzeyinin uğurlu fəaliyyəti də bunun təzahürüdür.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR