40 yaşlı Babək rayonu sosial-iqtisadi inkişaf tempinə görə muxtar respublikanın digər bölgələrindən heç də geridə qalmır. İldən-ilə genişlənən tikinti-quruculuq tədbirləri nəticəsində daha da müasirləşir, gözəlləşir və rayonun bütün kəndləri ümumi inkişafdan öz payını alır. Bu gün, demək olar ki, bölgənin bütün kəndlərində tikinti-quruculuq tədbirləri aparılıb və ən ucqar dağ yaşayış məntəqələri belə, müasir görkəmə gətirilib.
Rayonun inkişaf edən və müasirləşən kəndlərindən biri də Güznütdür. Kənd Araz çayının sol sahilində, Naxçıvan-Əbrəqunus-Əlincə-Qazançı-Boyəhməd yolu üzərində, Babək qəsəbəsindən 10 kilometr aralıda yerləşir. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, mərhum Adil Bağırov öz araşdırmalarında qeyd edir ki, “Güznüt” adına müxtəlif dövrlərə aid arxiv sənədlərində rast gəlirik. 1827-1828-ci illərdə baş vermiş rus-İran müharibəsi zamanı Güznüt kəndindən 52 ailə Naxçıvanın ayrı-ayrı kəndlərinə köçüb, burada yaşayış olmayıb. Bunu görən Abbas Mirzə hər güznütlüyə, bütünlüklə, səkkiz min manat gümüş pul təyin edib, ətraf ərazilərdən buraya ailələr köçürülüb. Həmin dövrdə yaşayış olmayan qonşu Çeşməbasar kəndinin ərazisindən güznütlülər əkin sahələri kimi istifadə edib, ancaq az sonra vaxtilə kənddən köçmüş ailələr geri qayıdıb, yaşayış təmin edilib.
Alim belə qənaətə gəlir ki, Güznüt kəndi mənfur erməni cəlladlarının hücumlarına məruz qaldığı üçün 1905-1907-ci illərdə yenidən boşalıb, əhalinin xeyli hissəsi (əsasən, qadınlar və uşaqlar) başqa yerlərə köçürülüblər. Ancaq naxçıvanlıların qəhrəmanlığı sayəsində daşnak Andranik ərazidən qovulduqdan sonra yurd-yuvasından didərgin düşmüş əhali geri qayıdıb.
Kəndin ağsaqqallarından Mehbalı Mustafayevin bu yurd yerinin tarixi və adət-ənənələri haqqında söhbəti maraqlı oldu. Mehbalı müəllim bildirdi ki, Güznütün tarixi qədimdir. Mən də hələ o vaxt ağsaqqallardan eşitmişdim ki, çar Rusiyası dönəmində bu kəndə bir neçə erməni ailəsi köçürülüb. Daşnakların törətdiyi qırğınlar zamanı həmin ermənilər onlara xüsusi köməklik göstəriblər. Ancaq kəndin igid, mərd oğulları ermənilərə şiddətli müqavimət göstərərək onları kənddən qovub çıxarıblar.
Kənd meydanındakı tut ağaclarının yaşı bir neçə əsrə bərabərdir. Bu da kəndin tarixinin qədimliyinin əyani sübutudur. Əhali, əsasən, kənd təsərrüfatı, əkinçilik və heyvandarlıqla məşğul olur. Dövlətimiz tərəfindən də bu sahələrdə çalışan insanlara daim köməklik göstərilir. Onu da qeyd edim ki, “Güznüt” sözünün mənası da elə əkinçiliklə əlaqədardır. Belə ki, Naxçıvan dialektində güznüt “payız əkini” deməkdir.
Həmsöhbətim sevinc hissilə bildirir ki, kəndimiz ildən-ilə gözəlləşir və müasirləşir. Aparılan tikinti-quruculuq tədbirləri nəticəsində kənd məktəbinin binası əsaslı şəkildə yenidən qurulub, maddi-texniki bazası gücləndirilib. Bundan əlavə, kənd mərkəzi, həkim ambulatoriyası, yeni xidmət mərkəzi də tikilərək əhalinin istifadəsinə verilib.
Güznüt kəndinin torpaq mülkiyyətçiləri ilə də həmsöhbət olduq. Onlardan biri də uzun illərdir ki, alın tərini torpağa axıdaraq ruzi qazanan Fikrət Hacıyevdir. Təsərrüfat adamı ilə bu kəndin əkinçiliyinin dünənindən, bu günündən danışdıq. Fikrət dedi ki, bura əvvəllər quraqlıq olduğundan əhali, əsasən, dəmyə üsulu ilə torpaqlarını becərirdi. Artıq son illərdə dövlətimizin qayğısı nəticəsində suvarma kanallarının çəkilməsi, əkin sahələrinin su ilə təmin olunması, sahibkarlara dəstək olaraq subsidiyaların verilməsi nəticəsində əhali istədiyi kimi əkir və becərir. Kənd adamları burada yerli iqlim şəraitinə uyğun məhsuldar toxum sortlarına, şırım üsulu ilə əkinlərə üstünlük verir, sahələrə ilboyu aqrotexniki qaydalara uyğun qulluq göstərir, zərərvericilərə qarşı mübarizə tədbirləri aparırlar. Nəticədə, sahələrdə bol və sağlam məhsul hasilə gətirilir. Məhsulun vaxtında və itkisiz yığılması üçün rayonda əvvəlcədən genişmiqyaslı hazırlıq işləri görülür. Bu ilin məhsuluna gəldikdə isə, onu deyə bilərəm ki, bu torpaq üz qaraltmaz. Məhsulumuz ildən-ilə daha da artır, biz əkinçilər də hər il ötən ilə nisbətən daha həvəslə işləyirik. Artıq əkinçilər məhsulu toplanmış taxıl sahələrini küləş və digər ot qalıqlarından təmizləyib, yay şumu qaldırılması ilə məşğuldurlar.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu kənd igidlər oylağı, ərənlər yurdudur. Qarabağ müharibəsi əlili Müslüm Əliyev də onlardan biridir. Biz də onunla həmsöhbət olmaq üçün evlərinə üz tutduq. Çox xoş qarşılandıq, Müslüm müəllim dedi ki, ölkəmizdə müharibə veteranları, şəhid ailələri fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür şərait yaradılıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin İkinci Dünya müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri günbəgün yaxşılaşdırılır. Onlara yeni mənzillər, avtomobillər verilir. Bu qəbildən olan insanların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır, müalicələri diqqət mərkəzində saxlanılır. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Mən də dövlətimiz tərəfindən ev və maşınla təmin olunmuşam. Bu gün səhhətimdə yaranan hər bir problemlə maraqlanır və təmənnasız müalicə zonalarına göndərirlər. Bizə göstərilən bu qayğı insanın ürəyini dağa döndərir. Yaşımın ötməsinə baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda hər an canımdan keçməyə hazıram.
Güznütdə sakinlərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün mədəniyyət evi də fəaliyyət göstərir. Mədəniyyət evinin direktoru Zülfüqar Babayev deyir ki, burada bütün yaş qrupları üzrə dərnəklər təşkil olunub. Kənd sakinlərinin də dərnəklərimizə marağı çox yaxşıdır. Onu da qeyd edim ki, vaxtilə biz çox pis şəraiti olan binalarda fəaliyyət göstərsək də, artıq bu gün dövlətimiz tərəfindən maddi-texniki baza ilə təmin olunmuş yenidən tikilən yaraşıqlı binada işimizi davam etdiririk. Dəfələrlə üzvlərimizin əl işləri ilə müxtəlif müsabiqələrə qatılıb fəxri fərman və diplomlara layiq görülmüşük.
Maraqlı insanlar ilə dəyərli söhbətlərdən sonra kəndin görməli yerlərini gəzdik. İlk olaraq kəndin aşağı hissəsindəki çeşmə haqqında sizə məlumat vermək istəyirəm. Deməli, yayda buz, qışda isti suyu olan bu çeşmənin mənbəyi hələ də heç kimə məlum deyil. Sakinlərin dediyinə görə, illər öncə suyun mənbəyini tapmaq üçün bura mütəxəssislər gəlib. Uzun sürən axtarışlar heç bir nəticə verməyib. Mütəxəssislər üçün də, yerli sakinlər üçün də suyu gözyaşı qədər duru olan bu çeşmə sirr olaraq qalıb. Yolunuz bu kəndə düşsə, mütləq həmin çeşməyə gedin.
Kəndin ən görməli yerlərindən biri də min bir zəhmətlə salınmış meşədir. Sakinlərin əsas istirahət yeri sayılan meşəni güznütlülər göz bəbəkləri kimi qoruyurlar və meşədəki ağacların sayını artırmaq, gələcək nəsillərə gözəl bir dünya ərməğan etmək üçün iməciliklər keçirir, yeni ağaclar əkirlər.
Kənddəki sosial-iqtisadi inkişafı görmək üçün, sadəcə, buraya gəlmək lazımdır. Gələrkən qəsəbə görkəmli kənd ilə qarşılaşacaqsınız...
Pərviz HACILI