Bu gün bütün dünyaya blokadada inkişaf modelini təqdim edən, dinamik və hərtərəfli tərəqqi yolunda sabaha inamla irəliləyən, beynəlxalq əməkdaşlığı, dünyaya inteqrasiyası ilə ideal məkana çevrilən Naxçıvan uzun illər çətin, məşəqqətli günlər yaşayıb. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet-erməni qoşunları Bakıya girib faciə törətməmişdən səkkiz saat əvvəl Naxçıvan Muxtar Respublikası ərazisinə hücuma keçdi və Sədərək rayonuna məxsus Kərki kəndini işğal etdi. Bundan sonra Naxçıvanı Azərbaycan, paytaxt Bakı ilə birləşdirən yeganə dəmir yolu xətti ermənilər tərəfindən kəsildi.
Qədim diyarımız blokadaya düşdü və Naxçıvan, naxçıvanlılar üçün çox çətin dövr başladı. Anasından zorla ayrılan bala kimi, doğma Naxçıvanımız da Azərbaycandan uzaq salındı. Muxtar respublikanın blokadada qalmasından istifadə edən ermənilər buraya aramsız hücumlara başladılar. Həmin günləri çox yaxşı xatırlayıram. Anadan olduğum Şərur rayonunun Dizə kəndi də top atəşinə tutulurdu. Məktəbdə dərslərimiz yarımçıq qalır, şagirdləri təhlükəsizlik üçün məktəbin zirzəmisinə aparırdılar.
O vaxtlar biz səkkiz-doqquz yaşlı uşaqlar məktəbdən çıxandan sonra, bəzən də məktəbə getməmişdən öncə soyuqda, yağışda, qarda ərzaq, çörək növbələrinə dururduq. Muxtar respublika blokadada olduğundan ərzaq qıtlığı yaranmışdı. Naxçıvanda qış çox sərt, qarlı-boranlı keçir. Müharibə dövrünün qışları da çox sərt oldu. Həmin vaxtlarda Naxçıvanda qaz yox idi, işıq uzun fasilələrlə verilirdi. Kəndlərdə soyuqdan donmamaq üçün meyvə ağacları kəsilərək yandırılırdı. O illər Naxçıvan üçün çox əzab-əziyyətli keçsə də, naxçıvanlılar məğrur oldular, o çətin sınaqlardan qürurla, üzüağ çıxdılar. Naxçıvanlılar düşmən qarşısında əyilmədi, aclığa, soyuğa, çətinliklərə dözdü, mərdlik göstərdilər. Görkəmli dövlət xadimi, ölkədə gedən ictimai-siyasi proseslərdə qətiyyətlə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, ömrünü, bütövlükdə, dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi, 1991-ci il sentyabrın 3-dən 1993-cü il iyulun 15-də Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdanadək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərməsi Naxçıvanı işğal, məhvolma təhlükəsindən nicat və inkişaf yoluna çıxardı. Naxçıvanlılar dahi şəxsiyyətin müdrik siyasəti işığında birləşərək bütün çətinlikləri, məşəqqətləri fədakarlıqla dəf etməyi bacardılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi dövrü belə qiymətləndirmişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi... Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi... Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi müdrikliyini göstərərək ulu öndərin ətrafında yumruq kimi sıx birləşdilər və həm erməni işğalına tutarlı cavab verdilər, onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.
Artıq o çətin günlər geridə qalıb. Bu gün Naxçıvan ölkəmizin ən qabaqcıl, inkişaf etmiş diyarına çevrilib. Muxtar respublikamız hərtərəfli inkişaf etməklə bir-birindən əhəmiyyətli uğurlara imza atmaqdadır. Burada təhsil ocaqları, iş yerləri, istirahət məkanları, yaşayış məskənləri qurulub, yeniləri tikilərək insanların sosial rifahı, firavan yaşayışı təmin edilib. Tarixi abidələr hamısı bərpa olunub. Naxçıvanda bu gün qaz, işıq fasiləsiz verilir. Türkiyə və İranla siyasi-iqtisadi əməkdaşlıq gücləndirilib. Paytaxta təyyarə ilə getmək mümkündür. Naxçıvana gələn bütün turistlər inkişafın, gözəlliyin, səmimiliyin, alicənablığın, qonaqpərvərliyin canlı şahidi olurlar. Bu gün Naxçıvan deyəndə iyirmi beş ildən artıq blokadada yaşamaq, düşmənlə illərlə mübarizə aparan, qeyrət qalası, iradəli, dözümlü, düşmənə sərt, dosta sadiq, beşminillik şəhər mədəniyyətinə malik olan, milli-mənəvi dəyərlərinə var gücü ilə sahib çıxan, öz keçmişini unutmayan, gələcəyə daim uğurla addımlayan məkan yada düşür.
Bu gün böyük qürur və fəxrlə demək olar ki, muxtar respublikada aparılan məqsədyönlü sosial-iqtisadi islahatlar, misligörünməmiş quruculuq işləri öz bəhrəsini verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları arasında 18 parametr üzrə hazırladığı investisiya reytinqinin qalibi olub.
Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu tarixi uğuru şərtləndirən başlıca amillər sırasında diyarımızın qədim türk-islam mədəniyyəti abidələri ilə zəngin olması, həmin abidələrin bərpasına, qorunmasına dövlət qayğısı durur. Eyni zamanda İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan muxtar respublikada milli və mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşılması, adət-ənənələrə, mərasimlərə, dini dəyərlərə həssas münasibət göstərilməsi də bu məsələdə mühüm rol oynayıb.
Azərbaycanın beşminillik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və həmin nümunələr günümüzədək mühafizə edilərək bəşər sivilizasiyasına dəyərli töhfələr verib. Heç şübhəsiz ki, Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını da müvəffəqiyyətlə yerinə yetirir və bundan sonra da sürətlə inkişaf etməkdə, milli-mənəvi dəyərləri qorumaqda, düşmənə gözdağı verməkdə davam edəcək.
Naxçıvan şəhəri həm də 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsinin nəticəsində Naxçıvanda gənclərə qayğı da gündən-günə artır. Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Naxçıvan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Doğma Naxçıvanımızda idarəetmə bacarığı ilə seçilən vətənpərvər, dövlətçiliyə bağlı, intellektual, dünyagörüşlü, müasir gənclik yetişir. Naxçıvan gənclərinə bütün sahələrdə etimad göstərilir, məsul vəzifələrdə çalışmalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələri, inkişaf etmiş ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir. Onların mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Bu gün Naxçıvan gəncləri mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Naxçıvan gəncləri ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini, Onun xalqımıza bəxş etdiyi müstəqilliyi, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi-iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını, yüksək etimadını dərin ehtiram hissi ilə xatırlayırlar. Naxçıvanda gəncliyə dövlət qayğısı isə sabahkı uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gəncliyin sabahına daha böyük inamla baxmağa əsas verir.
Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi strategiyasının muxtar respublikada uğurla həyata keçirilməsinin ifadəsidir.
Əpoş Vəliyev
AMEA Folklor İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru