Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin avqust ayında bir sıra qərarlar qəbul etmişdir. Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli qərarları ilə “Elektron xidmət növlərinin Siyahısı”nda, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də və “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edilmiş, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiq edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 21 avqust tarixli qərarı ilə “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları” təsdiq edilmiş, 28 avqust tarixli qərarı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nda dəyişikliklər edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.