24 Dekabr 2024, Çərşənbə axşamı

Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. Görkəmli dövlət xadiminin 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi tarixin və zamanın hökmü idi. Azərbaycanın ən yeni tarixində mürəkkəb proseslərin getdiyi həmin vaxtda qədim Naxçıvan diyarında ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün bu hökmün yəqinliyini ötən dövrdə hər kəsə sübut etdi. Müstəqilliyini yenicə qazanmış bir ölkənin tarixin təlatümlü burulğanından qurtarmaq missiyasının başlanğıcı olan 1991-ci ilin 3 sentyabrı, eyni zamanda milli dövlətçiliyimizin əsaslarının qoyulduğu, xalqımızın varolma, özünü dünyada təsdiq etmək kimi arzu və amallarının başlanğıc tarixi idi.

Ümummilli lider 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Ali Məclisin Sədri seçilmişdir. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi. Buna görədir ki, ümummilli lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Qeyd etmək lazımdır ki, hələ ulu öndər Naxçıvana qayıtdıqdan qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmamış, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilmişdir. Bütün bu proseslər onun göstəricisi idi ki, ulu öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırırdı. Daha doğrusu, ­MÜSTƏQİLLİYİMİZ Naxçıvanda yenidən doğulurdu.
Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Çünki Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunmuşdur. Və bunun da təməlində həm bəşəri, həm də milli dəyərləri özündə birləşdirən müasir müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə başlanılmışdır. Məsələn, hamımıza məlumdur ki, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə iqtisadi, sosial bağları çökdürülmüş bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş bir vətən parçası idi. Buna görə də dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinə başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası mühüm geostrateji ərazidə yerləşir. Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra ilk dəfə ulu öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Ulu öndər 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Həmin dövrdə Azərbaycanda həyata keçirilən yarıtmaz xarici siyasət nəticəsində bir çox ölkələrlə əlaqələr düzgün qurulmamışdı və yaxud zəif qurulmuşdu. Dahi şəxsiyyətin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdur.
Dövlətçilikdə əsas amillərdən biri də xalqın bir ideya ətrafında, bir hədəf uğrunda birləşməsi və hərəkətidir. Ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.
Ümummilli liderin muxtar respublikada yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında xidmətlərini sadalamaqla bitməz. İqtisadi sahədə həyata keçirilən tədbirlər də bu sırada istisna deyil. Atılan addımlar muxtar respublikanı düçar olduğu ağır iqtisadi böhran vəziyyətindən çıxarmaqla yanaşı, yeni bazar iqtisadiyyatına keçidin şərtlərini də diktə edirdi. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olmuş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır. Bundan əlavə, 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai­-siyasi həyatı, ümumilikdə isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Dövrün, zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərinin reallaşdırılması üçün qısa zaman ərzində böyük nüfuz qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Qeyd etmək lazımdır ki, o zaman Naxçıvanda ulu öndərin rəhbərliyi ilə məqsədyönlü işlər aparılsa da, ümumilikdə, ölkədə hakimiyyətdə olanların səriştəsizliyi, siyasi səbatsızlığı Azərbaycanı məhvə doğru sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün kulminasiya nöqtəsinə çatdı. Hakimiyyət böhranı bütün ölkəni cənginə aldı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Həmin gündən etibarən ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Beləliklə, tarix üçün qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı.
Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət yeni inkişaf erasının başlanmasına təkan vermişdir. Ötən dövrdə Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. İndi Naxçıvanın çox böyük müdafiə potensialı, dayanıqlı iqtisadiyyatı var. Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm potensialı olan bir diyar kimi qapılarını açır. Hər il bu qədim diyara dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlər gəlir, burada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir. Prezident İlham Əliyev muxtar respublikaya son səfərində görülən genişmiqyaslı işlərin dövlətimizin vətəndaşına göstərdiyi böyük qayğının ifadəsi olduğunu vurğulayaraq ­demişdir: “...Burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR