Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən “3 sentyabr 1991-ci il: Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi” adlı konfransı giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açıb.
Tədbirdə Zeyvə kənd ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov “Naxçıvanda Heydər Əliyev ideyalarının təntənəsi”, rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədov “Naxçıvan təhsili sürətli inkişaf yolundadır”, Statistika İdarəsinin rəisi Ramiz Rəsulov “Şərurun bugünkü inkişafı Heydər Əliyev ideyalarına söykənir”, Kürçülü kənd tam orta məktəbinin direktoru Zülfiyyə Məmmədova “Naxçıvanın xarici-iqtisadi əlaqələrinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, görkəmli dövlət xadimi xalqının ən ağır günlərində onunla bir olmaq istəyi ilə 1990-cı il iyul ayının 22-də doğma yurdu Naxçıvana gəldi. Həmin vaxt muxtar respublika son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat iflic olmuş, əhalinin maddi durumu dözülməz həddə çatmışdı. Digər tərəfdən, bədnam ermənilərin aramsız hücumları və ozamankı Azərbaycan rəhbərliyinin hər tərəfdən yolu bağlanmış Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda ulu öndərin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi, xalq onun timsalında böyük xilaskarını tapdı. Təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi üç il ərzində həm də Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi güclənməsi, inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən qərarlar qəbul etdi. Beləliklə, 1990-1993-cü illər tarixə Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi daxil oldu.
Vurğulanıb ki, Ali Məclisin ulu öndərin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, Naxçıvan SSRİ-nin saxlanması barədə keçirilən referendumdan imtina etdi, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, ərazidə Kommunist Partiyası yerli orqanlarının fəaliyyəti dayandırıldı. Bundan başqa, ilk milli sərhəd dəstələri yaradıldı, keçmiş sovet ordusu onlara məxsus silah-sursatın Naxçıvanda saxlanması şərti ilə muxtar respublika ərazisini tərk etdi. Həmçinin milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar atıldı, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edildi.
Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyinin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model də formalaşırdı. Belə ki, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Həmin vaxt Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa, Nehrəm və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı, Türkiyədən və İrandan muxtar respublikaya yüksəkgərginlikli elektrik xətləri çəkildi.
Ümumiyyətlə, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ümummilli liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də 1992-ci il noyabr ayının 21-də ümummilli lider ətrafında birliyin mühüm forması olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Bu partiya qısa vaxtda dövrün siyasi hərəkatında fəal nümunə və təsir gücünə malik olduğunu sübut etdi.
Bildirilib ki, xalq ulu öndəri Naxçıvandan Bakıya dəvət etdikdən sonra qısa zamanda Azərbaycan demokratik prinsiplərə sadiq bir dövlət kimi sürətlə inkişaf etməyə başladı və on il ərzində dünya birliyinə inteqrasiya yolunda böyük nailiyyətlər qazandı. Bu gün dahi şəxsiyyətin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində respublikamız bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır.
Bu gün böyük qürur hissi keçiririk ki, ulu öndərin Naxçıvanın dünəni, bu günü və daha xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi strategiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. 1995-ci ildən başlanan ardıcıl və məqsədyönlü siyasət nəticəsində muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurlar artıq xarici bazarlardan asılılığı minimuma endirib. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hər il minlərlə yeni iş yerləri yaradılır, ərzaq və qeyri-ərzaq məhsullarına, inşaat materiallarına olan tələbat yerli istehsal hesabına təmin edilir. Ümumtəhsil məktəblərinin şəbəkəsi yeni istifadəyə verilən obyektlər hesabına ildən-ilə genişlənir. Sevindirici nəticələrdən biri də budur ki, əhalinin artımında və məskunlaşmasında hər il yüksək rəqəmlər qeydə alınır. Bütün bunlar əsası 3 sentyabr 1991-ci ildə görkəmli dövlət xadimi tərəfindən Naxçıvanda qoyulan uzaqgörən siyasətin nəticəsidir.
Elman MƏMMƏDOV