Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçularının qarşısında duran vəzifələr” mövzusunda seminar olub. Seminarda komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 44 dövlət qulluqçusu iştirak edib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılıb və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılıb, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilib. Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi siyasət bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsinin inkişafı üçün də əlverişli imkanlar yaradıb. Hazırda muxtar respublikamızda vətəndaşların dövlət qulluğuna müsabiqə yolu ilə və şəffaflıq şəraitində qəbulu təşkil olunur.
Ümid Qurbanov çıxışında qeyd edib ki, dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə mühüm vəzifə düşür. Belə ki, dövlət qulluqçusu Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirməli, qanunvericiliyi dərindən öyrənməli, tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səy göstərməlidir. Bununla yanaşı, hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” Qanunun tələblərinə əməl etməli, qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutmalıdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı çıxış edərək dövlət qulluqçularına dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasətindən, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətlərindən bəhs edib.
Bildirilib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşdırılması ulu öndərin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Natiq, həmçinin milli təhlükəsizliyin qorunması istiqamətində və dövlət qulluqçularının qarşısında duran vəzifələrdən də danışıb.
Sonra komissiyanın şöbə müdiri Samiq Salayev çıxışında qeyd edib ki, dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun şərəfini uca tutmağa borcludur.
Seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti