Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası agentliyin direktoru Bəhruz Əsgərov açaraq məruzə edib. Bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında mövsüm ərzində yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olması və qum ehtiyatı yaradılmasının təmin edilməsi kimi vəzifələr qoyulub. Verilmiş tapşırıqların icrası ilə bağlı agentlik və onun tabeliyində olan yol istismar idarələri hazırda bu istiqamətdə kompleks tədbirlər görür.
Qeyd olunub ki, leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalara baxış keçirilib, fəhlə və mexanizatorların mövsümlə əlaqədar iş paltarları ilə təmin olunması nəzərdə tutulub. Ümumilikdə, qış mövsümündə işləyəcək mexanizatorlar üçün 72 dəst isti paltar, 82 cüt isti ayaqqabı alınması, çətin hava şəraitində işləyəcək avtomaşınlar üçün zəncir tədarük olunması nəzərdə tutulub. Həmçinin 12 avtoqreyder, 29 yükboşaldan avtomaşın, 8 buldozer, 1 qumsəpən avtomaşın, 3 ekskavator, 5 avtoyükləyici və 3 qartəmizləyən maşın qış mövsümündə muxtar respublikamızın şəhər və rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı bir maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
Bildirilib ki, avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqətdə saxlanılıb, Şorsu massivindən xammal daşınaraq 600 kubmetr ehtiyat yaradılıb. Həmçinin ucqar dağ kəndlərində hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə buldozer və traktorların işləməsi nəzərdə tutulub, bu texnikalar üçün yanacaq-sürtkü materialları alınıb. Eləcə də yağacaq qarın əriməsi nəticəsində yolların və yol qurğularının zərər çəkməməsini təmin etmək məqsədilə muxtar respublika ərazisində olan körpü və suötürücü qurğular yoxlanılıb, giriş hissələri palçıq və lildən təmizlənib. Agentlik istismar olunan yollarda əsaslı və orta təmir işlərini, eləcə də yol kənarlarında olan materialların kənarlaşdırılması tədbirlərini oktyabr ayının sonunadək başa çatdıracaq.
Sonra payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.
Nail ƏSGƏROV