Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı keçirilən tədbiri insan hüquqları üzrə müvəkkil (Ombudsman) Ülkər Bayramova açıb. O bildirib ki, muxtar respublika vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ilin birinci yarısında da uğurla davam etdirilib. Bəhs olunan dövrdə təşkilat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsinə aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.
Qeyd olunub ki, 2018-ci ilin ötən dövrü ərzində müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirib. Belə ki, 2018-ci ilin birinci yarısında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılıb, bu səpkidə tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada icrasının təmin edildiyini diqqətə çatdıran Ülkər Bayramova bildirib ki, 2018-ci ilin I yarısında müxtəlif sosial qruplara ünvanlanmış 39 tədbir keçirilib. Həmin dövrdə müvəkkil tərəfindən preventiv mexanizm yurisdiksiyası şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 18 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 25 başçəkmə həyata keçirilib.
Sonra müvəkkil qarşıda duran vəzifələrdən danışıb, məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi