Muxtar respublikamız tarixi əlamətdar hadisələr və günlərlə zəngindir. Onların fövqündə dayanan 1990-cı ilin 22 iyulu isə təkcə Naxçıvanın deyil, ümumilikdə, ölkəmizin tarixində xilas, nicat, qurtuluş, özünəqayıdış günüdür. Həmin gün Moskvadan Bakıya, iki gün sonra Bakıdan Naxçıvana gələn ulu öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Görkəmli dövlət xadiminin Naxçıvana gəlişi ilə qədim diyarımız işğal təhlükəsindən xilas edildi, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı.
Tarixə nəzər salsaq görərik ki, respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider Heydər Əliyev xalqın yanında olmuşdur. 1969-1982-ci illərdə ulu öndər öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisini təmin etmiş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ona görə də 1990-cı il iyulun 22-də dahi şəxsiyyətin Naxçıvana gəlişi əhali tərəfindən sevinclə qarşılanmışdı. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdir.
O dövrdə cərəyan edən proseslər Azərbaycanı uçuruma aparırdı. Ölkədə idarəçiliyin itirilməsi, yaşayış səviyyəsinin getdikcə pisləşməsi, Ermənistanın hərbi təcavüzü və siyasi hərc-mərclik xalqımızın sabaha olan inamının tükənməsinə səbəb olmuşdu. Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdü. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların təkidi ilə dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
Ölkə başçısı cənab İlham Əliyev o dövrdə Naxçıvanda baş verən hadisələr barədə demişdir: “1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.
Doğma xalqına, Vətəninə bağlılığın məntiqi nəticəsi idi ki, 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində ümummilli liderin adı ilə bağlı olan daha bir səhifə açıldı.
Yorulmaq bilmədən çalışan ulu öndərimiz, ilk növbədə, düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi.
Görkəmli dövlət xadiminin uzaqgörənliklə qəbul etdiyi tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Ulu öndərin Ali Məclisin Sədri işlədiyi dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, ümummilli lider 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etmiş, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuş, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları açılmışdır.
Naxçıvan Muxtar Respublikasının dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olmuş, Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılmışdır.
Bu gün ölkəmizin ən nüfuzlu, qüdrətli və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması da böyük şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir. 1992-ci il noyabr ayının 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında iştirak etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında ulu öndər Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmişdir.
Xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın davamlı çağırışlarını nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmuşdur. Həmin gün Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırmış, qanunun aliliyi təmin olunmuş, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edilmiş, müasir idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşmüş, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır.
Ümummilli liderimiz möhkəm, etibarlı təməl yaratmışdır. Müstəqil Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası indi bu təməl üzərində gələcəyə doğru inamla addımlayır. Ölkə rəhbəri cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.
“Şərq qapısı”