Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrlə bağlı Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Ordubad rayonu da 2018-ci ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Ordubad rayonunda da ardıcıl olaraq həyata keçirilir.
Bildirilib ki, 2018-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29861,8 min manat və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,7 faiz artaraq 28771,6 min manat təşkil edib.
2018-ci ilin 6 ayında Ordubad Dəmir Yol Vağzalının yeni binası və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binası istifadəyə verilib. Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin, Ordubad Su Elektrik Stansiyasının, Dəstə kəndində yeni məktəbin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, mərasim evinin tikintisi, kənddaxili yolların əsaslı təmiri, kommunikasiya xətlərinin yenilənməsi işləri davam etdirilib. Ordubad şəhərində Rabitə Evinin tikintisi başa çatmaq üzrədir. Binanın yanında yeni park salınıb. “İstanbul” küçəsindəki 24 mənzilli bina əsaslı təmir olunub və ətrafı abadlaşdırılır. Culfa-Ordubad magistral yolu yenidən qurulur.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə kənd təsərrüfatında məhsuldarlığın artmasına dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası da müsbət təsir göstərib və aqrar sahənin davamlı inkişafı təmin olunub.
Rayonda 2018-ci ilin məhsulu üçün 3937 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 1964 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 1 hektarını dən üçün günəbaxan, 675 hektarını tərəvəz, 43 hektarını ərzaq üçün bostan bitkiləri, 577 hektarını kartof, 66 hektarını birillik, 273 hektarını cari, 338 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
Ordubad Rayon Rabitə İdarəsi 35 АТS vasitəsilə rayon əhalisinə xidmət göstərir. Rayonun bütün kəndləri internetlə təmin olunub.
Rayonda 33 tam, 2 ümumi orta, 1 ibtidai, 1 internat, 1 peşə məktəbi və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 2018-ci ildə rayon məktəblərində elektron lövhələrin sayı 81, kompüterlərin sayı 534 ədəd olub.
Ötən dövrdə rayon əhalisinə 66 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, 1 Gigiyena və Epidemiologiya Mərkəzi, 12 kənd həkim ambulatoriyası, 29 feldşer-mama məntəqəsi, 5 aptek xidmət göstərib.
Rayonun mədəniyyət işçiləri bayram günlərində rəngarəng musiqi proqramları hazırlayaraq əhali qarşısında və bölgə ərazisində yerləşən hərbi hissələrdə çıxışlar ediblər. 6 ay ərzində rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemində və onun tabeliyində olan kənd kitabxanalarında sərgilər təşkil olunub və müxtəlif tədbirlər keçirilib.
Məruzə ətrafında Ordubad Rayon Statistika İdarəsinin rəisi Namiq Babayev və Maliyyə Şöbəsinin müdiri Bəxtiyar Əsgərov çıxış ediblər.
Abbas SEYİD