Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli məruzə edərək bildirib ki, 2018-ci ilin 6 ayı ərzində muxtar respublikada vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təmin olunub. Dövlət orqanlarında 294 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 370 namizəddən 136-sı keçid balını toplayıb. Həmin namizədlərdən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayıb inzibati vəzifə üzrə sertifikat alan 17 namizəd müsahibə mərhələsinə buraxılıb.
Cari il iyunun 25-dən iyulun 3-dək keçirilən müsahibə mərhələsində iştirak edən 123 namizəddən 64-ü müvafiq keçid balını toplayaraq uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 56 nəfərin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və onların hamısı iddia etdikləri vəzifələrə təyin olunub, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb.
Hesabat dövründə komissiyada 31 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə və sektor müdirləri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 13 nəfəri müvəffəqiyyət qazanıb.
İsmayıl Qəribli bildirib ki, test imtahanlarında uğur qazanmış 149 nəfərə sertifikat verilib. Həmçinin müvafiq dövlət orqanlarında 16 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.
Cari ilin 7 və 22 iyun tarixlərində komissiyanın Test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test və esse imtahanı mərhələsi keçirilib. Attestasiyanın test imtahanı mərhələsində iştirak edənlərdən keçid balını toplayan 13 nəfər esse mərhələsində iştirak etmək hüququ qazanıb.
Komissiyanın sədri diqqətə çatdırıb ki, hesabat dövründə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib. Həmin imtahanlarda 390 nəfər iştirak edib, keçid balını toplamış 332 müəllimin bilik və bacarıqları qiymətləndirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Dövlət Miqrasiya Xidmətində, Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak edən 297 namizəddən 97-si test imtahanlarında müvafiq keçid balını toplayıb.
Ehtiyat kadrlar siyahısında olan 11 namizəddən 4-ü vakant vəzifələrə təyin edilib.
2018-ci ilin 6 ayı ərzində test imtahanlarında iştirak etmiş 1161 nəfərə elektron xidmət göstərilib. 4075 yeni test tapşırığı tərtib edilib ekspertizadan keçirilərək test bankına əlavə olunub. Eyni zamanda müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsinin aparılması məqsədilə 6 minə yaxın sual alınaraq test bankına yazılıb.
İsmayıl Qəribli vurğulayıb ki, komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində də işlər görülüb.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzularında keçirilən seminarda 45 məsul şəxs iştirak edib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti
* * *
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə edib. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun bir neçə kənd yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə olunmasına dair 1 yanvar 2018-ci il tarixə torpaq balansı tərtib edilərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 21 fevral 2018-ci il tarixli qərarı ilə təsdiq edilib. 6 ay ərzində 11 sifarişçi təşkilatın müraciəti əsasında 20-dən artıq müxtəlifməzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Diqqətə çatdırılıb ki, ilin ilk 6 ayında muxtar respublika üzrə 1213 torpaq sahəsi, 20 qeyri-yaşayış binası, 35 qeyri-yaşayış sahəsi, 468 mənzil, 993 fərdi yaşayış evi, 10 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 2739 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 12,6 artıb. Hesabat dövrü ərzində hüquqların yüklülüyü haqqında daşınmaz əmlakın dövlət reyestrindən 240 çıxarış hazırlanıb,146 əmlaka dair yüklülükdən azad olunma, 6 əmlak üzərində hüquqların məhdudlaşdırılması, 1 əmlak üzərində hüquqların məhdudlaşdırılmasının ləğvi əməliyyatı aparılıb. Yüklülüyə dair 2029 arayış verilib, 148 sorğu-məktub cavablandırılıb. Vətəndaşın adına daşınmaz əmlakın olub-olmamasına dair 841 arayış hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Müslüm Cabbarzadə bəhs olunan dövrdə daxil olmuş müraciətlər əsasında 2020 texniki sənəd hazırlandığını bildirib.
Vurğulanıb ki, 2018-ci ilin I yarımili ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 350 daşınmaz əmlak obyektinə ünvan verilib, 96 daşınmaz əmlak obyektinin ünvanında müvafiq dəqiqləşmə aparılaraq düzəliş edilib, 53 ünvan arayışı hazırlanaraq vətəndaşlara təqdim edilib.
Tədbirdə məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilən kollegiya iclasında çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, 2018-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası diqqətdə saxlanılıb. Qeyd edilib ki, idxal olunan malların etiketlərində və adlarında zəruri məlumatların olmasına nəzarət aparılıb, məhsulların üzərində 26 halda Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin edilib, 2 dağ-mədən sənaye müəssisəsində istehsal olunan məhsulların 4 halda sertifikatlaşdırılması icra edilib. Metroloji norma və qaydalara uyğun olaraq istehlakçılarda olan smartkarttipli 500 ədəd məişət qaz sayğacı, 400 ədəd elektrik sayğacı yoxlanılıb. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin icrası çərçivəsində məhsulların 78 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, məhsulların 37 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarət edilməsi tədbirlərinin icrası istiqamətində 74 məktəbin bufetində, 9 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində monitorinqlər aparılıb, 47 məktəbin bufetində, 5 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 1 səhiyyə müəssisəsinin yeməkxanasında aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Vurğulanıb ki, xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində tədbirlər icra olunub. Bakı şəhəri və ölkəmizin digər regionlarında yeni fəaliyyətə başlayan “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinin səmərəli fəaliyyətinin qurulması və bu şəbəkənin daha da genişləndirilməsi istiqamətində davamlı tədbirlər icra olunmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə müvafiq rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatları üçün seminarlar keçirilib.
Qeyd olunub ki, hesabat dövründə, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 9106 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb, 146 ictimai iaşə və xidmət sahəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb. 524 ədədi ərzaq məhsullarına, 493 ədədi qeyri-ərzaq məhsullarına, 4 ədədi isə xidmət sahəsinə aid olmaqla, ümumilikdə, 1021 uyğunluq sertifikatı verilib. Agentliyin Metrologiya şöbəsi tərəfindən 5507 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunub. Əmtəə nişanına dair 24 şəhadətnamə iddiaçılara təhvil verilib və 27 əmtəə nişanı üzrə ekspertiza işi davam etdirilib.
Sonra agentliyin müxtəlif şöbələri üzrə görülmüş işlərə dair hesabatlar dinlənilib, qarşıya qoyulmuş vəzifələr diqqətə çatdırılıb.
Xəbərlər şöbəsi