Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün sənədlərin qəbulu aparılır.
Komitənin səyyar xidmət qrupu bu məqsədlə Şərur rayonunun Düdəngə kəndində olub. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 3, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 4, məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün 5, ümumilikdə, 12 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Qəbul edilmiş sənədlər komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib. Texniki sənədlərin hazırlanması üçün ən müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin ölçüləri dəqiqləşdirilib.
Qeyd edək ki, 2018-ci ilin birinci yarımili ərzində komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 45 yaşayış məntəqəsində 432 vətəndaşın müraciəti qəbul edilib və müvafiq qaydada icra olunub. Mülkiyyət sənədləri hazırlanaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə vətəndaşlara çatdırılıb.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti