Cari ildə iyun ayının 25-dən iyulun 3-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilib.
Qeyd edək ki, 35 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 294 vakant vəzifənin tutulması üçün 395 namizəd sənəd təqdim edib. Test mərhələsində müvafiq keçid balını toplamış 136 namizəddən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayıb inzibati vəzifə üzrə sertifikat əldə edən 19 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilib. Müsahibə mərhələsində iştirak edən 129 namizəddən 66-sı müvafiq keçid balını toplayaraq müsahibələrdə uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplayan 58 nəfərin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və iddia etdikləri vəzifələrə təyin olunublar. 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilib, müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanının nümayəndəsinin iştirakı təmin edilib. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılıb.
Xatırladaq ki, namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi üstünlük təşkil edib.
Müsahibənin nəticələri haqqında məlumatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti