24 Dekabr 2024, Çərşənbə axşamı


Dədə Qorqud meydanında düşüncələr

Asudə vaxtlarımda şəhərimizin səfalı guşələrini gəzir, bu şəhərin keçmişini gözlərim önünə gətirir, onun dünəni ilə bu gününü müqayisə etmək istəyirəm. Ancaq bunun mümkünsüzlüyünü düşünürəm. Çünki fərq, necə deyərlər, yerlə göy arasındadır...

Qiymətli yeraltı və yerüstü sərvətlərin, münbit torpaqların, əlverişli geosiyasi ərazidə yerləşməyi zaman-zaman bu qədim diyara həris gözlərlə baxanların sayını artırıb. Buraya dünyanın çox yerlərindən məkrli məqsədlərlə gələnlər olub. Ancaq əliboş qayıdıblar. Vətən təəssübünü hər şeydən üstün tutan, bu yolda canını belə, əsirgəməyən, ucalıq, möhtəşəmlik zirvəsi sayılan dağları kimi məğrur olan naxçıvanlılar yurd yerinin hər qarış torpağı üstündə əsmiş, onun yadelli tapdağına çevrilməsinə razı olmamışlar. Çünki bu məmləkətdə torpağa həmişə qeyrət rəmzi kimi baxılıb. Yüksək vətən­pərvərlik hisslərinə malik olan naxçıvanlılar buna görə də əsl vətəndaşlıq dəyanəti göstərmiş, ata-­babalarımızdan bizə miras qalan torpaqlarımızı mərdliklə qorumuşlar.
Naxçıvanlılar məhz bu amalla yaşayan insanlardır. Ötən əsrin 80-ci illərinin sonlarında mənfur qonşularımız yenə də əsassız torpaq iddiaları ilə baş qaldıranda Naxçıvan dəryada sükansız üzən gəmi timsalında idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1991-ci ildə Moskvadan Naxçıvana gəlişi, naxçıvanlılara arxa-dayaq olması məmləkətimizi labüd fəlakətdən qurtardı. Naxçıvanlıların itmiş inamlarını özlərinə qaytardı.

Dünən belə deyildi

“Keçmişinə tapançadan atəş açsan, gələcək səni topa tutar”, – bu, müdriklərdən birinin sözüdür və həmin qənaətdə böyük məna olması danılmazdır. Ancaq naxçıvanlılar dünəni necə qoruyublarsa, bu missiya günümüzdə daha geniş mənada həyata keçirilir. Yəni ulu tarix, bu tarixin izləri yaşana-yaşana, yaşadıla-yaşadıla həmin tarixə yeni naxışlar əlavə olunur. Bu prosesi qədim yurd yerinə respublikamızın digər bölgələrindən, qonşu xarici ölkələrdən gələnlər də görürlər, təqdir edirlər. Onu da qeyd edək ki, yeni tarixin qısa bir zamanda – 20 ildən bir qədər artıq dövrdə belə zənginliklə yazıldığına inanmayanlar da var. Ancaq fakt faktlığında qalır...
... Vaxtımı keçirdiyim bu meydan daim insanlarla dolu olur. Yerli sakinlərlə yanaşı, qonşu İran İslam və Türkiyə respublikalarından gələnlər də bu ərazini, demək olar ki, əsl ziyarətgaha çeviriblər. Ötən günlərin birində Türkiyə Respublikasından gəlmiş bir neçə nəfərlə Dədə Qorqud meydanında həmsöhbət olduq. Onlardan biri, sən demə, jurnalist imiş. Naxçıvanda dəfələrlə olduğunu bildirən jurnalistin söhbəti qəlbimi qürurla doldurdu:
– Dünyanın çox yerini gəzib-dolaşmışam. Ancaq qədimliklə müasirliyin vəhdətinin belə qorunduğu ünvanlara çox az rast gəlmişəm. Bir tərəfdə ilkinliyi saxlanılmaqla yeni həyat bəxş olunan qədim hamam, bir tərəfdə ulu Dədə Qorqudun heykəli, bu gün Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyət göstərdiyi qədim “Zaviyə məscidi”, ətrafda yeni salınmış, müasir arxitektura quruluşu ilə gözoxşayan binalar. Buraya hər gəlişimdə yeniliklərin bir qədər də çoxaldığını görürəm. Elə yerləşdiyim “Təbriz” mehmanxanasını götürək. Şəhərin ən ucqar məhəllələrindən belə, görmək mümkün olan mehmanxana öz arxitektura üslubu ilə buraya gələnləri heyran edir.
Bəli, bu hələ şəhərsalma mədəniyyətinin yaşı 5 min ilə çatan Naxçıvan şəhərinin təkcə bir ünvanıdır. Belə ünvanların sayını isə heç bir naxçıvanlı dəqiq deyə bilməz. Çünki gözümüz artıq öyrəşib, elə bilirik ki, yüz illərdir, bu şəhər belə olub.
Bu gün beynəlxalq tədbirlərə, idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən qədim diyarımıza üz tutanlar muxtar respublika paytaxtını bəzi Avropa şəhərləri ilə müqayisə edirlər. Burada heç bir təəccüb doğurası məsələ yoxdur. Ulu öndərin müəyyənləşdirdiyi quruculuq, yeniləşmə, müasirləşmə siyasətinin böyük ehtiram və sədaqətlə yerinə yetirilməsinin ifadəsidir ki, Naxçıvana gələn alim, səfir, sahibkar, sürücü, idmançı belə, buradakı gözəlliklərdən, naxçıvanlıların qonaqpərvərliyindən, səmimiyyətindən ayrılmaq istəmir. Çünki Naxçıvan 20-30 il bundan əvvəlki Naxçıvan deyil. Son 20 ildən artıq bir dövrdə yüz ilə bərabər inkişaf yolu keçib. Qədim diyarımızda bütün sahələrdə qibtəediləcək qədər yenilənmə, müasirlik var. İnsanların baxışları da kökündən dəyişib, qurub-yaratmaq əzmi yüksəlib. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün qurub-yaratmaq naxçıvanlıların vətənpərvərlik borcuna çevrilib. Bu isə yalnız əmin-amanlığın, sabitliyin təmin olunduğu məmlə­kətlərdə mümkündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 16-da Naxçıvana səfəri zamanı dediyi kimi: “Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında ­rekord göstəricidir...
Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir”.
Yeri gəlmişkən, ölkə başçısının muxtar respublikaya növbəti səfəri də zəngin təəssüratlarla yadda qaldı. Prezident açılışlarda iştirak etdi. Ömrümün böyük bir hissəsini bağladığım Naxçıvan Müəllimlər İnstitutunun yenidən qurulmuş binasının açılışında iştirak edən dövlət başçısı kollektivimizi, şəhər ictimaiyyətini təbrik edərək dedi: “Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür”.
Təbii ki, bu, muxtar respublika rəhbəri tərəfindən ulu öndərin böyük sədaqət və ehtiramla həyata keçirilən siyasətinin ifadəsidir. Bunu ali təhsil ocağımızın timsalında da görmək olar. Altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları, həmçinin bir sıra fənn kabinələri ixtiyarımıza verilib. Təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digər fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Fənn kabinələrinin sayı 15-dir. Binada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Müəllim və tələbələr ayrıca bufetlərdən istifadə etmək imkanı qazanıblar. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə, ümumilikdə, 146 dəst fərdi, 16 dəst dizüstü kompüter və proyektorlar verilib. Bütün bunlar qarşımıza qoyulan vəzifənin – ixtisaslı pedaqoji kadr hazırlığının həyata keçirilməsində məsuliyyətimizi daha da artırıb.
Bir ziyalı kimi bunu da vurğulamağı özümə borc bilirəm. Ənənəvi olaraq bu səfər daha bir neçə böyük həcmli tədbirin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti ayrılması məqsədilə müxtəlif sərəncamların imzalanması ilə nəticələndi. Blokada şəraitində yaşayan Naxçıvan dövlət başçısının daimi qayğısının bir daha şahidi oldu. Həmin sərəncamlar qədim diyarda müxtəlif sahələrin inkişafını daha da sürətləndirmək üçün imzalanıb. Elə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam bir daha onun sübutudur ki, bu müqəddəs məkan daha da gözəl olmağa layiq bir məmləkətdir. Sərəncamda deyilir: “Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.
Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir”.

Dövlətçiliyə inam

Bakıda yaşayan, yazılarını müntəzəm olaraq izlədiyim bir jurnalistin mərkəzi mətbuatda Naxçıvanla bağlı dərc etdirdiyi yazısındakı bir qənaəti oxuculara çatdırmaq istərdim. Jurnalist yazır ki, Naxçıvanda heyran olduqlarımız, qibtə və qürur hissi keçirdiklərimiz, gördüklərimiz məsələnin bir tərəfidir. Görünməyən nədir bəs? Bu suala müəllif özü çox dəqiq cavab verməklə naxçıvanlıların əqidəsini ortaya qoyur: Dövlətçiliyə inam!
Reallıqdır ki, qədim diyarımızda həyata keçirilən siyasətin ürəkdən dəstəklənməsi, müdafiə edilməsi, həyata keçirilən tədbirlərdə naxçıvanlıların fəallığı məhz dövlətçiliyə olan inamdan doğan amillərdir. Əgər bu inam varsa, hər şeyə nail olmaq mümkündür. Burada ölkə Prezidentinin sözləri yada düşür: “Əsl siyasət real və konkret iş görməkdən ibarətdir”. Real və konkret iş görmək üçün isə doğulduğun torpağa qəlbən bağlı olmalısan, mənsub olduğun xalqın yolunda bütün qüvvəni sərf etməkdən yorulmamalısan.
Sərhədlərdə yerləşən Ordubaddan Sədərəyəcən, Şahbuzacan bu amallara sadiqliyin izlərini görmək olar. Kiçik məsələ deyil, ən ucqar sərhəd kəndində Naxçıvan şəhərindəki, rayon mərkəzlərindəki tikililərdən seçilməyən obyektlər inşa olunsun. Bu isə insan amilinə həssaslıqla yanaşmağı göstərən amildir.
Muxtar respublikanın yaşayış məntəqələrinin əksəriyyətində olmuşam. İnsanlarla görüşüb söhbət etmişəm. Onların qurub-yaratmaq əzminin getdikcə artdığını görmüşəm. Sözsüz ki, bunun təməlində insanlara qayğı amili durur. Qurucu­luq işlərini ucqar bir dağ kəndinin ziyalısı belə dəyərləndirirdi:
– Hər gün yeni bir obyektin açılmasına vərdiş etmişik. Bəlkə də, başqa yerlərdən Naxçıvana gələnlər buna inanmaya bilər. Amma bu, bir həqiqətdir. Muxtar respublikada ­sosial-iqtisadi inkişafın artım tempi durmadan yüksəlir. İqtisadiyyatın inkişafı isə düzgün müəyyənləşdirilmiş siyasətin hesabına mümkün olub.
Qədim diyarımız haqqındakı düşüncələrimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi sözlərlə bitirmək istəyirəm: “Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.

Akif İMANLI
Naxçıvan Müəllimlər
İnstitutunun professoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR