Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Şahbulaq kəndində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə edib.
Bildirilib ki, 1969-cu il iyulun 14-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə respublika iqtisadi cəhətdən xeyli geridə qalırdı, ölkədə ciddi sosial problemlər mövcud idi, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı ilbəil aşağı düşürdü. Elm, ədəbiyyat, mədəniyyət və digər yaradıcı sahələr qayğısızlıq nəticəsində sükunətli dövr yaşayırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə güclü canlanma və dirçəliş baş verdi. Azərbaycanda nəhəng sənaye müəssisələri tikildi, bir çox fabrik və zavodlar yenidən qurularaq məhsul istehsalı üçün yararlı hala salındı. 13 il ərzində Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi.
Vurğulanıb ki, belə tədbirlər Şərur rayonunda da öz bəhrələrini verdi. Bölgədə konserv, dəmir-beton konstruksiyaları, qum-çınqıl, yağ-pendir, 6 üzümün ilkin emalı zavodları işə salındı. Gümüşlü dağ-filiz mədənində yeni avadanlıqlar quraşdırıldı. Oğlanqala və Xələc dağlarındakı qiymətli tikinti materialı olan mərmər dünya bazarına çıxarıldı.
Əmir Babayev diqqətə çatdırıb ki, bu uzaqgörən siyasətin 2003-cü ildən ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi nəticəsində respublikamız öz mövqelərini və müstəqilliyini günü-gündən daha da möhkəmləndirir. İllər ötdükcə, zaman dəyişdikcə Heydər Əliyev siyasətinin Azərbaycanımızın dünəni, bu günü və sabahı üçün necə böyük imkanlar açdığını, necə əzəmətli uğurlar üçün təməl yaratdığını daha aydın görürük.
Müzakirələrdə YAP Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Şahbulaq kənd ərazi ilk partiya təşkilatının sədri Mirabbas Eminov, Şahbulaq kənd tam orta məktəbinin direktoru Salman Cəfərov çıxış ediblər.
Elman MƏMMƏDOV
* * *
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı müstəqil gələcəyə aparan məqsədyönlü siyasətindən danışıb.
Bildirilib ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə atdığı qətiyyətli addımlardan biri də bu il 40 illiyini dövlət səviyyəsində qeyd etdiyimiz Babək rayonunun yaradılmasıdır. Rayon dahi şəxsiyyətin ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük mübarizənin qələbəsi idi. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən ulu öndərin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter alıb. Bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədlinin, şura üzvü Əli Hacıyevin, təşkilatın sədr müavini, şura üzvü Nihal Məmmədovun çıxışları olub.
Muxtar RZAZADƏ